Ötən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 7896 nəfər olub


Digərləri 17 May 2019 12:13:00 204 0

Ötən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 7896 nəfər olub

Proqramın Avropada ən “Yaxşı Təcrübə” mükafatına layiq görülməsi bunun bir göstəricisidir

Bakı. Azərbaycanda işsizlik və yoxsulluğa qarşı təsirli fəaliyyət mexanizmləri, uğurlu sosial proqramlar, xüsusilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Dünyanın mötəbər təşkilatlarından biri olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının özünüməşğulluq proqramını ən “Yaxşı Təcrübə” xüsusi mükafatına layiq görməsi bunu bir daha sübut edir. 20 ölkədən 76 sosial layihənin iştirak etdiyi müsabiqədə münsiflər heyətinin yekdil rəyinə əsasən, özünüməşğulluq proqramı Avropa regionunda ən uğurlu təcrübələrdən biridir. Ölkəmizin bu təcrübəsindən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda xüsusi bəhs olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2018-ci ildə 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramda iştirak edib. Həmin şəxslərin əksəriyyəti əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alan və ya şəhid ailələrinin, tərkibində sağlamlıq imkanları məhdud uşaqlar olan, yaxud çoxuşaqlı ailələrin üzvləri, müharibə veteranları və b. olub. Proqram çərçivəsində mal və material formasında verilmiş aktivlər hesabına onlar kiçik ailə təsərrüfatlarını qurublar. Bu proqrama dəstək kimi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən də “Sosial bağlar” layhəsi əsasında 41 rayonda 125 aztəminatlı ailə üçün bağ, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb.