Ucarda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır (FOTO)


Digərləri 16 May 2019 15:03:20 319 0

Ucarda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır (FOTO)

Yanvar ayının ilk günlərindən başlayaraq Ucar rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.

Bakı. Yanvar ayının ilk günlərindən başlayaraq Ucar rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindın Trend-ə verilən məlumata görə, Ucar rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Qeyd olunan tədbirlər Ucar Rayon Baytarlıq İdarəsinin 13 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır. İdarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər və 29 kəndində saxlanılan 59 111 baş iribuynuzlu, 55 362 baş xırdabuynuzlu, 400 baş təkdırnaqlı heyvana, 4000 baş itə, 1712 arı ailəsinə və 517 min baş quşa baytarlıq xidməti göstərirlər. Hazırda rayonun Təzə Şilyan kəndində yerləşən Məzahir Məmmədova məxsus təsərrüfatda “Aqrolizinq” yolu ilə alınmış 125 baş damazlıq macar cinsli camışlarda və 88 baş onlardan alınan balalarda qarayara və dabaq xəstəliyinə qarşı profilaktiki peyvəndləmə aparılıb. Həmçinin cari ilin müvafiq dövrü ərzində Ucar rayonunda 59 085 baş iribuynuzlu, 73 323 baş xırdabuynuzlu, 1297 baş təkdırnaqlı heyvanda və 120 baş donuzda qarayara, 434 baş sahibli itdə quduzluq, 120 baş donuzda taun, 25 mindən yuxarı xırdabuynuzlu heyvanlarda çiçək xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 317 524 baş (“H” ştammı ilə) quş və 441 024 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib. Fevral ayından Ucar rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 59 077 baş iribuynuzlu və 55 584 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Mart ayının ilk günlərindən isə Ucar Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 53 000 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Bu müddətdə həm də 47 705 kvadratmetr sahədə dezinfeksiya işləri aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.