“İrəli” Aprel Zəfərinə həsr olunan layihənin final mərhələsini Ağdam rayonunda keçirib


Digərləri 14 May 2019 17:07:00 427 0

“İrəli” Aprel Zəfərinə həsr olunan layihənin final mərhələsini Ağdam rayonunda keçirib

"İrəli" İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə  keçirilən "Gənclər kuboku:Aprel zəfəri" layihəsi başa çatıb. Layihənin bağlanış mərasimi Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.

Son.az xəbər verir ki, "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov, "İrəli" komandası, üzvləri və layihə iştirakçıları Ağdam rayonunda yerləşən "Şəhidlər" abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyub. Daha sonra layihəsinin final yarışları Ağdam Olimpiya İdman Kompleksində keçirilib. Layihənin final oyunları yekunlaşdıqdan sonra "İrəli" komandası və layihə iştirakçılarının Ağdamdakı N saylı hərbi hissədə şəxsi heyətlə görüşləri baş tutub.

Hərbi hissədə əsgərlərlə görüşdən sonra Ağdam rayon Mədəniyyət Evində layihənin bağlanış mərasimi keçirilib. Tədbirdə "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Allahverən Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısının müavini Ağa Zeynalov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyev, Ağdam Olimpiya İdman Kompleksinin rəhbəri Bəhruz Kazımov, Aprel qazisi Loğman Məmmədov iştirak edib.

Tədbir Azərbaycanın Dövlət himninin oxunması ilə başlanıb. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra layihənin gedişi ilə bağlı film nümayiş olunub.

"Gənclər kuboku: Aprel zəfəri" layihəsinin koordinatoru İlqar Axundov layihə haqqında məlumat verib. Bildirib ki, "Gənclər kuboku: Aprel zəfəri" layihəsi çərçivəsində idmanın 7 növü - futbol, voleybol, peyntbol, səmti müəyyənetmə, atıcılıq, velosiped, atletika üzrə yarışlar keçirilib. Layihədə iştirak üçün müraciət etmiş üç minə yaxın gəncin arasından seçilən min nəfərin qatıldığı yarışlar 1/8, 1/4, yarımfinal və final mərhələsindən ibarət olub. Layihə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsinə uyğun olaraq reallaşdırılıb.

Çıxış edən "İrəli" İctimai Birliyinin sədri MİrHəsən Seyidov ölkəmizdə hərbi-vətənpərlik mövzusuna olan diqqət haqqında fikirlər səsləndirib. "Torpaqlarımızın işğal altında olduğu bu dövrdə Azərbaycan gənci milli ruhu yüksək tutmalı, sağlam olmalıdır. Bu gün qarşımızda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişməsidir"-deyə, sədr bildirib.

Tədbirdə iştirak edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Ordumuzun 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə əldə etdiyi parlaq qələbəyə həsr olunmuş turnirin keçirilməsini gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsinə xidmət etdiyini bildirib, milli ruhda yetişən gənc nəslin torpaqların işğlalı ilə heç vaxt barışmayacağına əminliyini ifadə edib.