Bekarçılıqdı, Mirzə!


Digərləri 14 May 2019 12:48:41 200 0

Bekarçılıqdı, Mirzə!

http://olaylar.az/news/edebiyyat/333156?fbclid=IwAR0FdCWDzlwkApJNhg4s8-Jwm5KcvNkhGN6TfPlIRm3L6u3a7QdfPSr2LpU

Bu bekarçılıq nə mərəzdirsə virus kimi düşüb hamının canına. İçəridən də yeyir, çöldən də. İşləyən də, işləməyən də, yeyib-içən də bekarçılıqdan gileylənir. Peşimansan ki, kimdənsə soruşasan "neyləyirsən?" Dərhal cavab verəcək: "Bekarçılıqdı, Mirzə!"

Alatavada yaşayıram. Burada özgə aləm var. Hamı nə iləsə məşğuldur. Kimisi gecəqondu evlərin mərtəbəsini artırır ki, bir az qazansın (neçə ildir "buralar söküləcək" deyirlər), "kimisi  "taksavatlıq" (özləri belə deyirlər) eləyir, kimlərsə də puldan domino, nərd vurur. Bir sözlə heç kim bekar qalmır. Amma hansından soruşsan ki, "neyləyirsən?", bir ağızdan deyəcək ki, bekarçılıqdı, Mirzə!

Binamızın qabağında taksisilə Tofiq adlı birisi dayanır. Nədənsə hər onu görəndə Ağanatiq demək istəyirəm. Çox qəribə xasiyyəti var. Deməli, adam siqaret çəkəndir. Özü də elə belə yox e... lap sümürənindəndir, həm də qəribəliyilə. Siqaret çəkmək istəyəndə gedir oturur taksidə. Çəkib qurtarandan sonra maşından düşür. Soruşuram:

- Qədeş, nöş belə eləyirsən? Gül kimi havada siqaretini çək də.

Cavab verir ki, qədeş, belə olmayanda tüstünün ləzzəti döşümə yatmır.

Sağ olsun alatavalılar! Böyüyə-kiçiyə hörmət edəndilər. Mən Mirzəni görən kimi çömbəlib oturmuş cayıllar ayağa durur, sağ əlini sinələrinə  qoyub salamlaşırlar.

Tofiq də bunların başında. Soruşuram neyləyirsiz?

Hamısı bir ağızdan cavab verir:

- Bekarçılıqdı, Mirzə!

Soruşuram ki, ay Tofiq qədeş, sən niyə bekar olursan? Sənin ki, taksin var. Allaha şükür ki, bizim binadan da daimi müştərilərin.

Gülə-gülə cavab verir ki, Mirzə, taksilə kasıbçılığımı eləyirəm. Belədə isə bekarçılıqdır.

Onda anlayıram ki, bekarçılıq ulu məmləkətimdə nə deməkdir. Sən demə maaşa işləmək, evinə çörəkpulu aparmaq çoxları üçün bekarçılıq hesab edilir. Bekarçılıqdan bilmərrə qurtulmaq üçün kişi gərək "qaz vurub, qazan doldursun", haram, halal evinə çoxlu pul aparsın. Bunların gözü ilə hamı bekardı, maaş isə kasıbçılıq etmək üçündü.  Kasıbçılıqdısa, deməli, bekarçılıqdı.

O gün köhnə tanışımı görürəm, hal- əhval tuturam. Yazıq sifət alıb deyir:

- Bekarçılıqdı, Mirzə. - Sonra əlavə edir. - Mirzə, sənin əlin yuxarılara çatır.  Mənə bir iş. Nə iş olsa görərəm.

Mən də sifətimi müdrük görkəmə salıb çalışıram bu tanışıma guya bir yardım eləyim, amma bilirəm ki, onun imkanları məndən çoxdur. Bununla yanaşı özünü bekar adlandırır.