Gənclər ictimai-siyasi proseslərin önündə gedirlər (FOTO)


Digərləri 13 May 2019 18:01:00 284 0

Gənclər ictimai-siyasi proseslərin önündə gedirlər (FOTO)

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Bakı. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Trend-in məlumatına görə, konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Nəriman Əliyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, o cümlədən rayon təşkilatının gənc üzvləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfrans Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin konfranslararası müddətdə fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının təkcə Azərbaycanın deyil, regionun ən nəhəng, aparıcı siyasi təşkilatı olduğunu diqqətə çatdırıb. Dövlətin gənclərə qayğısından bəhs edən S.Əliyev ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini bildirib: “Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, onların dövlət mənafeləri əsasında səfərbər olunması üçün mühüm addımlar atıb. Sevindirici haldır ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. Sonra YAP Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynovun hesabat məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, hal-hazırda təşkilatın Gənclər Birliyi öz sıralarında 3223 nəfər gənci birləşdirir: “Gənc üzvlərimizdən 941 nəfəri, yəni 29.2 faizi qadınlar, 908 nəfəri, yəni 28.2 faizi ali təhsilli gənclərdir”. Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin gündəlik həyatı və perspektivləri, taleyi çox böyük təhdidlərlə üz-üzə qalmışdı: “Məhz ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qısa müddətdə Azərbaycanın bütün potensialını bir araya gətirməsi mövcud problemlərin həllində xüsusi rol oynadı. Bütün işlər Azərbaycanın gələcəyi və gəncliyi üçün görülürdü. O dövr Azərbaycana siyasi, iqtisadi, hərbi sahələrdə qoyulan kapital gəncliyi qorumaq, inkişaf etdirmək, gənclərin ictimai həyata inteqrasiyasını sürətləndirməyə xidmət edirdi”.