Qazaxıstanda “FlyArystan” loukost aviaşirkətinin ilk reysi gerçəkləşdi


Digərləri 13 May 2019 16:06:00 212 0

Qazaxıstanda “FlyArystan” loukost aviaşirkətinin ilk reysi gerçəkləşdi

Qazaxıstan. Qərblə Şərqi özündə birləşdirən bu dövlətin adı gəldikdə ilk yada düşən Mərkəzi Asiyada sahəsinə görə ən böyük dövlət, neft-qaz yataqları, qazax atlarıdır.

Bu gün Qazaxıstanın biznes mərkəzi Avropanın hər hansı inkişaf etmiş ölkəsinin biznes mərkəzindən heç də geri qalmır. Ölkə iqtisadiyyatına qeyri-neft sektorundan ən böyük dəstəyi isə aviaşirkətlər göstərir. Bu günlərdə həmin aviaşirkətlərdən biri, uzun illərdir Qazaxıstan iqtisadiyyatına böyük töhfə verən "Air Astana" şirkəti yerli və MDB ölkələrindən media nümayəndələri üçün press-tur təşkil edib. Turun əsas məqsədi mayın 1-də "Air Astana"nın törəmə şirkəti olan "FlyArystan" loukost aviaşirkətinin ilk uçuşunun həyata keçirilməsi idi.

Uzun illərdir Azərbaycana da uçuşlar edən Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" 2001-ci ildən fəaliyyət göstərir. Bu günə qədər böyük inkişaf yolu keçən şirkət hazırda dünyanın 60-dan çox istiqamətinə müntəzəm uçuşlar həyata keçirir. "Air Astana"nın aviaparkında orta fəaliyyət dövrü 8 il olan 34 təyyarə mövcuddur.

Xidmətlərə gəldikdə isə, hər bir aviaşirkət kimi "Air Astana"da öz sərnişinlərinə Ekonom və Bizness-Class oturacaqlar təklif edir. Hansı ölkəyə səyahət etdiyinizdən asılı olmayaraq, "Air Astana"nın Biznes-Sinfi sizə uçuş boyu özünüzü daha rahat və sərbəst hiss etmək imkanı verəcək. Geniş və sadə kreslolarda uçduğunuz zaman hava gəmisinin stüardessaları sizə istifadə edə biləcəyiniz şəxsi planşet və dada biləcəyiniz ləziz təamlar təklif edəcəklər. Əlavə olaraq hər bir sərnişinə (qadın və kişi) səyahət dəstləri verilir. Oraya tanınmış brendlərin müxtəlif əşyaları daxildir. Ekonom-Sinifi ilə uçan sərnişinlər də bu kimi zövləqdən həzz ala bilərlər. ВС B767 və B757 hava gəmiləri yeni dizaynlı ekonom sinif salonlarında ayaqlar üçün geniş yer və rahatlıq təmin edir. Bununla da siz təyarrədə yemək zamanı özünüzü daha rahat hiss edə və sərbəst hərəkət edə biləcəksiniz. Oturacaqlara quraşdırılmış 9 düym ölçüdə sensorlu monitorlara yüklənən ən son və klassik filmlər, audio yazılar, TV proqramlar və digər əyləncələrdən ibarət olan fərdi əyləncə sistemi sizin səyahətinizi daha da maraqlı edəcək.

Press-turun ilk günündə Qazaxıstanın əvvəlki paytaxtı Almatıda media nümayəndələrini qarşılayan "Air Astana"nın mətbuat xidmətinin əməkdaşı Ayqerim Alpkarinanın jurnalistlərlə qısa məlumat mübadiləsindən sonra aviaşirkətin simulyatorları yerləşən təlim mərkəzinə üz tutduq. Mərkəzin təlimatçısı Yevgeni Kabişin sözlərinə görə, aviaşirkət pilotları özü hazırlayır: "Hazırda "Air Astana" sırf Qazaxıstan vətəndaşları üçün "Ab-Initio" adı altında proqram həyata keçirir. Sözügedən proqram artıq xeyli zamandır davam edir. Burada təhsil və bacarığından asılı olmayaraq yaşı 18-30 olan hər bir Qazaxıstan vətəndaşı təyyarəçi ola bilər, əsas odur ki, bu işə istək və həvəs olsun. Həmin şəxslər şirkət tərəfindən seçilərək burada təhsil alırlar və sonda məktəbi uğurla bitirən tələbələr işlə də təmin olunurlar". 

Təlim mərkəzində iki təyyarənin sükanını canlandıracaq EVPT simulyatorlar yerləşir (Boeing 767-757). Boeing 767 və Boeing 757 təyyarələri arasında böyük fərq olmadığından namizədlər bir həftə ərzində hər iki hava gəmisinin sükanını tanıya bilirlər.

Press-turun növbəti maraqlı hissəsi Qazaxıstanın keçmiş paytaxtı, gözəl təbiəti və təmizliyi ilə seçilən Almatı şəhəri ilə tanışlıq oldu. 2 milyon əhalisi olan Almatı Mərkəzi Asiyanın ən inkişaf etmiş şəhərlərindəndir. Qazaxıstanın ən çox turist qəbul edən şəhəri kimi tanınan Almatıda 16 milyondan artıq ağac mövcuddur. Şəhər qış turizmi ilə məşhurdur. Qədim tikililəri, hündürmərtəbəli binaları olmasa da, Almatı turistlərə cəmi yarım saata şəhər mühitindən dağ ab-havasına keçid imkanı verir. Belə ki, şəhərin yaxınlığındakı Çimbulak qış turizm mərkəzi dəniz səviyyəsindən 3163 metr yüksəklikdə yerləşir.

Çimbulakın ən yüksək nöqtəsinə 800 metr hündürlükdən başlayan "Medeo" sürüşmə meydançasından müasir kanat yolu ilə qalxmaq olar. Kanat yolunun birinci bölməsi Çimbulakın xizək yollarının aşağı nöqtəsinə aparır. Burada xizək, snovbord, avadanlıq kirayəsi, kafe və restoranlar var. Kanat yolunun ikinci hissəsi xizək trasının orta hissəsinə aparır. Buradan həm xizəklə eniş etmək, həm də, kanat yolunun üçüncü bölməsinə keçmək mümkündür. Yolun üçüncü hissəsi Çimbulakın ən yüksək nöqtəsinə, buludlardan yuxarıda yerləşən Talqar aşırımına aparır.

İstər bu  gözəllikləri görmək, daha rahat istirahət imkanı əldə etmək və ya ölkənin müxtəlif ərazilərinə iş məqsədilə səyahət etmək üçün "FlyArystan" loukost xətti yaradılıb. Mayın 1-də ilk uçuşunu həyata keçirən "Air Astana"nın törəmə loukosteri "FlyArystan", Almatıda havaya qalxaraq 1 saat 40 dəqiqədən sonra paytaxt Nur-Sultanda (keçmiş Astana) eniş edib. Paytaxtda baş tutan təntənəli qarşılanma mərasimində çıxış edən "Air Astana" aviaşirkətinin prezidenti Peter Foster bildirib ki, 29 mart tarixindən bilet satışına start verən "FlyArystan" bu günəcən 45 min satış edib, üstünlük isə baqajsız biletlərə verilib: "Qazaxıstanın gənc nəslinin daha ucuz və əlçatan uçuş xəttinə ehtiyac olduğunu bilirdik. Aşağı qiymətli "FlyArystan" aviaşirkəti lazımi vaxtda və doğru zamanda yaradıldı. Biz həm daxili, həm də beynəlxalq istiqamətlərdə sərnişin daşımalarının əhəmiyyətli dərəcədə artımını gözləyirik. Hazıra ölkədaxili uçuşlar həyata keçirən "FlyArstan" tədricən xaricə də uçuşlar edəcək".