“Azərxalça” daha iki regional məntəqədə yun tədarükünə başlayıb (FOTO)


Digərləri 13 May 2019 15:20:00 185 0

“Azərxalça” daha iki regional məntəqədə yun tədarükünə başlayıb (FOTO)

Respublikamızdakı xalçaçılıq müəssisələrinin yerli xammalla təmin olunması üçün mühüm tədbirlər həyata keçirilir.

Bakı. Respublikamızdakı xalçaçılıq müəssisələrinin yerli xammalla təmin olunması üçün mühüm tədbirlər həyata keçirilir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda Sumqayıt şəhərindəki Kimya Sənaye Parkında Yunəyrici-Boyaq Fabriki tikilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Ötən həftə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışı olub. Dövlət başçısı bu sahədə görülən işlərin əhəmiyyətindən danışaraq deyib: “Gələcəkdə biz özümüzü bütün xammalla – iplər, boyaq və yun ilə təmin edəcəyik... Yun tədarükü ilə bağlı göstəriş verilmişdir ki, məntəqələr yaradılmalıdır. Çünki bu, böyük problem idi, yun tədarükü kortəbii şəkildə təşkil olunurdu. İndi bu iş mərkəzləşmiş qaydada görülür. Beş məntəqə yaradılıb və hər zonanın fermerləri artıq bilirlər ki, yunu hara gətirsinlər, kimə təhvil versinlər və pullarını alsınlar. Əminəm ki, Azərbaycanda yun tədarükü böyük dərəcədə artacaq”. Ölkə rəhbərinin diqqət və qayğısı ilə yaradılan daha iki regional məntəqədə yun tədarükünə başlanılıb. Mayın 11-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov Sabirabad və Bərdədəki regional məntəqələrdə yun tədarükü prosesi ilə maraqlanıb. Sabirabad Sənaye Məhəlləsində yerləşən tədarük məntəqəsinə baxış zamanı məlumat verilib ki, məntəqə Sabirabad, Hacıqabul, Saatlı, Salyan, Kürdəmir, Ucar, İmişli, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala rayonlarını, Şirvan və Lənkəran şəhərlərini əhatə edir. Bildirilib ki, tədarükçülərə, fermerlərə iplik istehsalı üçün yararlı olan yunun tələbləri izah edilib. Həmin gün Bərdə regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinə də baxış olub.