Orucu batil edən əməllər islam məzhəbləri baxımından


Digərləri 12 May 2019 20:55:00 252 0

Orucu batil edən əməllər islam məzhəbləri baxımından

Orucu batil edən əməllərin sayı, növü və incəlikləri müxtəlif İslam məzhəbləri baxımından fərqli şəkillərdə izah edilir. Bunların arasında ümumi cəhətlər çox olduğu kimi, bəzi fərqliliklər də vardır.

Son.az islam.az-a istinadən bildirir ki, aşağıdakı məqalədə Şeyx Mühəmməd Cavad Müğniyənin "Beş məzhəb üzrə fiqh" kitabına əsasən bu fərqlilikləri ixtisarla diqqətinizə çatdırırıq. Məqsədimiz budur ki, əvvəla, müxtəlif məzhəb ardıcılları bir-birinin şəriət hökmlərinə bələd olsunlar və aradakı məlumatsızlıq qismən də olsa aradan qalxsın. İkincisi, ümid edirik ki, oruc hökmlərindəki bu fəqrlilikləri biləndən sonra hər bir müsəlman qarşı məzhəbin ardıcılı olan şəxsin ibadətinə və inancına daha hörmətlə yanaşar, onun orucunu batil edə biləcək əməllərdən çəkinər.

1 və 2. Yemək və içmək. Bütün İslam məzhəbləri baxımından, qəsdən yemək və içmək orucu batil edər. Həmin günün orucu qəza edilməlidir. Cəfəri və hənəfi məzhəblərində qəzadan əlavə kəffarə vermək də vacibdir, şafii və maliki məzhəblərində isə həmin orucun qəzasını tutmaq kifayət edər. Beş məzhəbin içindən yalnız malikilər hətta unutqanlıq üzündən də yeyib-içməyin orucu batil etdiyini söyləyirlər; bu zaman yalnız həmin günün qəzasını tutmaq vacibdir.

3. Qəsdən cinsi əlaqədə olmaq. Bütün məzhəblərdə cinsi əlaqə orucu batil edir, həmin günün qəzasını tutmaq və kəffarə vermək vacibdir. Unutqanlıq üzündən cinsi əlaqədə olmaq isə yalnız hənbəli və maliki məzhəblərində orucu batil edər.

4. İstimna (qəsdən bədəndən sperma çıxarmaq). Bütün məzhəblər bunun orucu pozduğuna inanır. Sünni məzhəblərində yalnız həmin günün qəzasını tutmaq lazımdır, cəfərilər həm də kəffarə verməyi vacib bilirlər. Spermadan əvvəl gələn, şəhvətli səhnələri seyr etmək və ya başqa yollarla bədəndən çıxan məzi adlı maye orucu batil etməz. Yalnız hənbəlilər məzinin də orucu batil etdiyini söyləyirlər.

5. Qəsdən qusmaq cəfəri, şafii və maliki məzhəblərində orucu pozar. Hənəfilər ağız dolusu qusmağı orucu pozan səbəb sayırlar. Hənbəli məzhəbində qusmaqla həm orucun pozulduğu, həm də pozulmadığı barədə fikir ayrılığı vardır. Bütün məzhəblərin fikrincə, qeyri-ixtiyari olaraq qusmaq orucu pozmaz.

6. Yalnız hənbəlilər qan aldırmaqla orucun pozulduğunu söyləyirlər. Bu zaman həm qan alanın, həm də qan aldıranın orucu batil olur.

7. Maye ilə imalə (klizma) etdirmək bütün məzhəblərə görə orucu pozar və qəza orucunu vacib edər. Şiə alimlərinin bir qismi zərurət üzündən bunun edilməsini istisna bilmişlər.

8. Yalnız cəfəri məzhəbində boğaza qatı toz və tüstü girməsi orucu batil edər.