"And olsun on gecəyə”


Digərləri 12 May 2019 19:50:00 636 0

"And olsun on gecəyə”

Fəcr surəsinin ikinci ayəsində Allah Taala "və and olsun on gecəyə" şəklində and içir. Bu ayədəki "on gecə"dən məqsədin nə olduğunu bilmək üçün ən azından surənin ilk 14 ayəsi birlikdə nəzərdən keçirilməlidir.

Son.az islam.az-a istinadən bildirir ki, surənin əvvəlində 5 varlığa and içilir:

1. And olsun dan yerinə. 2. And olsun on gecəyə. 3. And olsun cütə və təkə. 4. And olsun keçib getməkdə olan gecəyə. (Fərc 1-4)

Daha sonra "Məgər bunlarda ağıl sahibləri üçün bir and yoxdurmu?" buyurularaq and içilən varlıqların əhəmiyyətli olduğu vurğulanır.

Fəcr surəsi Məkkədə nazil olmuşdur. Burada Allah (c.c.) Məkkəlilərə Ad, Səmud və Firon qövmü kimi öz dövrlərində güclü mədəniyyətlər qurmuş qövmləri necə cəzalandırdığını nəql edir. Quran qissələrinin ibrət məqsədilə nazil edildiyini nəzərə alsaq, buradan da anlaşılır ki, bu surə İslamı qəbul edən möminlərə qarşı işgəncə və təzyiqin başladığı bir vaxtda nazil olmuş, istər inkarçıların, istərsə də iman gətirənlərin ibrət almasını nəzərdə tutmuşdur.

1. And olsun dan yerinə!

Hər şeydən əvvəl onu qeyd edək ki, Fəcr surəsində and içilən varlıqlarla əlaqədar olaraq müfəssirlər arasında fikir birliyi mövcud deyildir.

Buradakı "dan yeri"inin hər hansı bir günün "dan yeri" olduğu qeyd edilməklə bərabər, sonrakı ayələrə verilən mənalara paralel olaraq Zilhiccənin fəcri, Ramazanın fəcri, Məhərrəmin fəcri, cümə gününü və ya cümə axşamının fəcri, bütün gün, sübh namazı və s. şəklində də təfsir edilmişdir.

2. And olsun on gecəyə.

On gecə ilə əlaqədar olaraq da klassik və müasir dövr müfəssirləri tərəfindən fərqli mülahizələr səsləndirilmişdir. Zilhiccənin ilk on günü, Ramazanın son on günü, Məhərrəmin ilk on günü və hər ayın birinci, ikinci və üçüncü on günlükləri şəklində təfsir edilmiş, əksəriyyət bunu zilhiccənin ilk on günü olaraq qəbul etmişdir.

3. And olsun təkə və cütə.

Ayədəki "tək və cüt" "şəf" və "vətr" namazları, mütləq mənada tək rükətli və cüt rükətli namazlar, Qurban bayramı və Ərəfə günü, bütün yaradılmışlar və tək olan Allah, tək və cüt olan bütün məxluqlar və s. şəklində təfsir edilmişdir.