“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Kürdəmir rayonunda qonaq olub (FOTO)


Digərləri 11 May 2019 17:38:00 445 0

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Kürdəmir rayonunda qonaq olub (FOTO)

Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Kürdəmir rayonu olub.

Bakı. Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Kürdəmir rayonu olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi, yerli sakinlər iştirak edib. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov şəhər və rayonları təmsil edən nümayəndə heyətlərini salamlayaraq festivalın bu bölgədə keçirilməsindən məmnunluqlarını bildiriblər. Milli geyimdə qızlar qonaqları şərbət və xonçalarla qarşılayıblar. Sonra tədbir iştirakçıları regional mədəniyyət idarələrinin sərgi guşələrinə baxıblar. Şəhər və rayonların sənətkarları və yaradıcı insanları dekorativ tətbiqi sənət nümunələrini, müxtəlif mövzularda çəkilmiş rəsm əsərlərini, bəzək əşyalarını, digər əl işlərini nümayiş etdiriblər. Ziyarətçilər dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ikebana, qobelen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlərlə maraqla tanış olublar. Festivalın ikinci hissəsində regional idarələr üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.