Azərbaycana elə öyrəşib ki, vətəninə qayıtmaq istəmir Əcnəbi FOTO


Digərləri 10 May 2019 23:50:00 284 0

Azərbaycana elə öyrəşib ki, vətəninə qayıtmaq istəmir  Əcnəbi  FOTO

Məhəmməd Sultani: "Hamı deyir ki, sən artıq azərbaycanlı olubsan" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Üç ildir ki, ölkəmizdə yaşayır. Deyir ki, bu müddət ərzində Azərbaycan onun üçün doğma bir yerə çevrilib. Tətillərdə öz ölkəsinə, ailəsinin yanına getsə də, orada çox qala bilmir: "Bizdə sizdən fərqli olaraq xanımların azadlığı çox məhdudlaşdırılır. Orada bütün qadınlar məcburi olaraq hicab geyinməlidir. Amma burada elə deyil, istəyən hicab bağlayır, istəməyən yox. Bu, mənim xoşuma gəlir. Burada hər kəs qanun çərçivəsində istədiyini etməkdə sərbəstdir. Qanunları pozmursansa, heç kim sənə dəyib-dolaşmır. Ən əsası, insanlar sülh şəraitində, əmin-amanlıqda yaşayır".

Müsahibim təhsil almaq üçün Azərbaycana gələn iraqlı tələbə Məhəmməd Sultanidir. Qeyd edim ki, həmsöhbətim, Azərbaycan Dövlət Neft və Sənaye universitetində neft-qaz mühəndisliyi üzrə təhsil alır.

O, ilk olaraq təhsil almaq üçün Azərbaycanı seçməyindən danışdı: "Ailədə 6 nəfərik. Məndən başqa üç qardaşım var. Azərbaycana gəlişimin səbəbi təhsil almaqla bağlı oldu. Atam dedi ki, Azərbaycanda təhsil almağını istərdim. Bir qədər fikirləşdikdən sonra mən də onun fikri ilə razılaşdım. Azərbaycanda da İraqda olduğu kimi insanların çoxu İslam dininə sitayiş edir. Bizim yaşadığımız ərazidə, yəni Bağdadın cənubunda türklər də yaşayır, bir-birimizə qarışıb-qaynamışıq. Bura gəlməzdən əvvəl hazırlıq fakültəsində dərs almışam. Amma orada tədris ingilis dilində idi. Hazırlıq kursunu bitirdikdən sonra universitetə qəbul oldum. Hazırda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıram.

Dərslərini oxuyursansa, imtahanları vermək çətin deyil

Artıq üçüncü ildir ki, burda yaşayan həmsöhbətim deyir ki, Azərbaycan çox gözəl ölkədir: "Ölkənizin təbiəti çox zəngindir. Məncə, üç il  bir ölkəyə öyrəşmək üçün kifayət qədər yetərli müddətdir. Artıq demək olar ki, ölkənizə tam olaraq uyğunlaşmışam. Hərdən dostlarım mənə zarafatla deyir ki, sən artıq əsl azərbaycanlı olubsan. Dərslərimlə bağlı ciddi çətinliyim yoxdur. Əgər imtahanlardan yaxşı qiymət almaq istəyirsənsə, dərslərini yaxşı oxumalı, müəllimlərin mühazirələrini dinləməlisən. Düşünürəm ki, təhsil aldığım universitet digərləri ilə müqayisədə daha üstündür. Burada əcnəbi tələbələrə, nisbətən daha yaxşı şərait yaradılıb. Dərslərini oxuyursansa, imtahanları vermək elə də çətin deyil".

Məhəmməd Bakıda yataqxanada qalır: "Hazırda universitetin yataqxanasında qalıram və çox razıyam. Yataqxananın şəraiti xoşuma gəlir. Amma ilk vaxtlar hamı kimi mənim də bəzi çətinliklərim oldu. Bakıya təzə gələndə ingilis dilində danışırdım. Çünki buna məcbur idim, amma sizin ölkədə ingilis dilini bilənlərin sayı elə də çox deyil. Əksəriyyət öz ana dilində danışır. Bu, əslində yaxşı məqamdır, amma biz əcnəbilərə bəzən çətinlik yaradır. Həmin vaxt qarşıma məqsəd qoydum ki, Azərbaycan dilini öyrənməliyəm. Çətinliklərdən biri də kirayə qalma məsələsi ilə bağlı idi. Mən özümə ayrı ev tutmaq istəyirdim, amma alınmadı. Ən böyük çətinliyim məhz bu olub. Qalan hər şey zamanla öz yoluna düşdü".

Burada dolma bükməyi öyrənmişəm

Deyir ki, iki ölkənin mətbəxində oxşar dadlar var: "Azərbaycan yeməklərini çox bəyənirəm. Yataqxanada qaldığım müddətdə müxtəlif yeməklərdən dadmışam, çox dadlıdır, amma demək olar ki, iki ölkənin mətbəxi də oxşardır. İraqda da əksər yeməklər eyni ilə burdakı kimi hazırlanır. Sadəcə olaraq Azərbaycanda qonşu ölkə Rusiya mətbəxi ilə də oxşar yeməklər var. Amma həmin yeməklər bizdə hazırlanmır. Kababı çox sevirəm. Bəzi yeməkləri bişirməyi də öyrənmişəm. Mərci supu, qarabaşaq bişirə bilirəm. Çünki tez hazır olur və eyni zamanda dadlı və doyumludur. Dolma bükməyi də öyrənmişəm".   Məhəmməd mətbəxlərimiz kimi, adətlərimizin də bəzilərinin çox bənzədiyini söylədi: "Dediyim kimi, yaşadığımız ərazidə türklər var və biz onlarla qaynayıb-qarışmışıq. Təbii olaraq adətlər də bir-birinə bənzəyir. Ümumilikdə götürsək İran, İraq, Səudiyyə Ərəbistanı, Azərbaycan kimi ölkələr oxşar adətlərə malikdir. Müəyyən fərqlər əlbəttə var və bu, tamamilə təbiidir. Bizdə sizdən fərqli olaraq, xanımların azadlığı çox məhdudlaşdırılır. İraqda demək olar ki, xanımların azadlığı yoxdur. Bütün qadınlar məcburi olaraq hicab geyinməlidir. Amma burada elə deyil, istəyən hicab bağlayır, istəməyən yox. Bu, mənim çox xoşuma gəlir. Burada hər kəs qanun çərçivəsində istədiyini etməkdə sərbəstdir. Qanunları pozmursansa, heç kim sənə dəyib-dolaşmır. Buna görə də, adətlərinizi, milli dəyərlərinizi çox bəyənirəm. Ramazan və Novruz bayramları bizdə də eynilə qeyd olunur. Çünki kürdlər çoxluq təşkil edir və Novruz onların sevimli bayramıdır. Ərəblər isə islam dininin bayramlarını qeyd edir".


Xəbərə aid fotolar