Ramazan: imkanların ayı


Digərləri 09 May 2019 19:55:00 242 0

Ramazan: imkanların ayı

Qurani-Kərimdə orucla əlaqədar hökmlərin izah edildiyi ayələr Bəqərə surəsinin 183, 184, 185, 186 və 187-ci ayələridir. Həmin ayələr oxunduqda bəzi məfhumların ön plana çıxması müşahidə edilir. Elə bu yazıda da həmin ayələrdə Ramazan ayının müsəlmanlara necə deyərlər, təqdim etdiyi "fürsətlər" kimi qiymətləndirilən təqva, Quran, şükür və dua məfhumları təhlil ediləcəkdir.

1) TƏQVA VƏ RAMAZAN

Allah Təala Qurani-Kərimdə orucun qayəsini belə bildirir:

Ey iman gətirənlər, oruc sizdən əvvəlkilərə vacib qılındığı kimi qorunasınız deyə sizə də vacib edildi (Bəqərə, 2/183).

Bu tərcümə-məalda altından xətt çəkilən hissə ayənin Ərəbcə mətnindəki (لعلكم تتقون - ləalləkum təttəquun) ifadəsinin mənasıdır. Buradakı təttəquun feli təqva (تقوى) sözündən törəyib. Belə olan halda, ifadənin mənası "təqvalı olasınız deyə" olur. Təqva qorunmaq deməkdir. Bəs nədən qorunmaq? Günahlar, haramlar və şirkə düşüb Allaha şərik qoşmaqdan... Qısa desək, təqva özünü hər növ pis əmələ qarşı qorumaqdır. İnsana bu cür təqva ruhunu aşılamağın yollarından biri də orucdur. Həm də qeyd edək ki, bizim dilimizə Fars dilindəki ruzə sözündən keçən oruc sözünün Ərəb dilindəki ekvivalenti də savm/siyamdır. Bu da öz növbəsində tutmaq mənası daşıyır: Özünü tutmaq, özünü saxlamaq. Başqa sözlə, oruclu olduğu halda özünü yemək, içmək və cinsi əlaqədən saxlamaq. Oruc tutan bir müsəlman özünü eyni zamanda Allahın qadağan etdiyi digər şeylərdən də qoruduğu vaxt orucun hədəfinə, yəni, təqvaya çatır. Ramazan ayında oruc tutmağın qayə və məqsədi budur; insanı təqvaya çatdırmaq, onu təqva şüuruyla əhatə etmək.

Son.az muselmanlar.com-a istinadən bildirir ki, Həzrəti Muhəmməd (ə. s.) bu təqva çağırışının Ramazan ayı boyu hər gecə bəndələrə təkrar edildiyini bildirib:

Ramazan ayının ilk gecəsi daxil olduqda şeytan və cinlərin üsyankarları zəncirə vurular. Cəhənnəmin qapıları bağlanar; heç biri açılmaz. Cənnətin qapıları açılar; heç biri bağlanmaz. Və bir çağırışcı belə səslənər: "Ey xeyir istəyən (xeyir əməl etməyə) yönəl! Ey şər istəklisi, özünü saxla! (Çünki) Allahın qoruduğu kimsələr var". Bu, Ramazan ayı boyu hər gecə yerinə yetirilər (Tirmizi, Savm, 1; İbn Macə, Siyam, 2).

Oruc bu baxımdan sadəcə olaraq ac-susuz qalmaq, pəhriz saxlamaq deyil. Allah Ramazanda insanın özünü digər vaxtlarda olmadığı qədər "saxlamağını" gözləyir. Necə deyərlər, ona "indiyədək olmasa da, heç olmasa bundan sonra" mənasında bir fürsət verir, onun orucu pisliklərə qarşı sipər etməyini gözləyir. Peyğəmbərimiz həzrəti Muhəmməd (ə. s.) də orucun bu cəhətini vurğulamışdır:

Oruc bir qalxandır. Oruc tutan şəxs pis söz deməsin. Onunla dava-dalaş etmək istəyənə: "Mən orucluyam, mən orucam", - desin və dalaşmasın (Buxari, Savm, 2; Müslim, Siyam, 164).

İnsan bunu bacarmadıqdan, yəni, özünü saxlaya bilmədikdən sonra orucun qayəsi olan təqvaya necə çatacaq? Peyğəmbər (ə. s.) belə buyurur:

Allahın yalan danışmaq və yalanla iş görməyi tərk etməyənin yemək-içməyi tərk etməyinə və ac qalmağına ehtiyacı yoxdur (Buxari, Savm, 8; Tirmizi, Savm, 16)!

Elə oruc tutan insanlar var ki, qazancları sadəcə olaraq aclıq və susuzluq çəkməkdir (İbn Macə, Siyam, 21).

Oruc ayələrinə başlarkən təqvanı vurğulayan Allah bu ayələri bitirdikdə bir daha eyni şeyi vurğulayır. Bununla da oruc-təqva münasibətində heç bir qaranlıq məqam və anlaşmazlıq qalmır:

...Bunlar Allahın hədləridir. Aman onları aşmayın! Beləcə Allah çəkinib qorunsunlar deyə  (لعلهم يتقون) insanlara ayələrini yaxşı-yaxşı izah edir (Bəqərə, 2/187).

Belə olan halda, başa düşülür ki, Ramazanın verdiyi ilk fürsət təqvadır. Bu, qətiyyən əldən verilməməli olan bir fürsətdir. Biz nə olursa olsun, bu fürsətdən istifadə etməli, onu düzgün qiymətləndirməli, varlığımıza təqva qazandırmalıyıq.

2) QURAN VƏ RAMAZAN

Ramazanı ramazan edən dəyər Qurandır. Bunu aşağıdakı ayədən də yaxşı başa düşmək olar:

Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir (Bəqərə, 2/185).

Bu ayə nə məna verir? Siz dostlarınıza xoşladığınız, bəyəndiyiniz bir şeydən danışanda sözünüzə həmin şeyin ən yaxşı cəhəti ilə başlayarsınız. Əgər havasını çox bəyənmisinizsə, "mən bu il bir yerə istirahətə getmişdim. Havası o qədər gözəl idi ki..." deyərsiniz. Yaxud da sözünüzə o yerin sizin üçün həqiqətən də, gözəl olan mənzərəsindən və ya sakitliyindən başlayarsınız. Qısa desək, həmin yeri sizin üçün bir də gedilib görüləsi edən şey nədirsə, onu ön plana çıxararsınız. Allah Təala da Ramazan ayını bizə bu cür təqdim edir: Ramazan elə bir aydır ki, o ayda Quran nazil edilib. Əgər belə demək mümkündürsə, Rəbbimiz: "Nə olursa, olsun, Ramazanı Quranla keçirin", - deyir. Bu, "əgər siz möhtəşəm bir Ramazan ayı keçirmək istəyirsinizsə, bunu Quransız edə bilməzsiniz" deməkdir. Çünki Quransız bir Ramazan dadsız-duzsuz bir yeməyə bənzəyir: O yeməyi yeyərsiniz, amma ləzzət almazsınız.

Elə isə buradan belə bir nəticə çıxır: Bundan əvvəlki Ramazanları Quransız keçirmişiksə və Allah bizə bir fürsət də veribsə, bu il Ramazanı başqa cür keçirməliyik: Quranlı bir Ramazan. Biz Ramazanda başqa vaxtlarda olmadığı qədər Qurana vaxt ayırmalı və onunla öz aramızdakı münasibətlərə yenidən nəzər salmalıyıq.

Onlar Quranı düşünmürlərmi? Yoxsa onların qəlblərinin üzərində kilidlərimi var (Muhəmməd, 47/24)? Biz bu xəbərdarlığı nəzərə alıb oxuduğumuz Quranı anlamağa, anladığımızı da öz həyatımıza tətbiq etməyə böyük diqqət yetirməliyik. Belə ki, indiyədək məqsədimiz hər Ramazanda bir xətmi başa vurmaq idiysə, bu, bu Ramazan ayında başqa cür olmalıdır. "Oxuduğumu anlamağa çalışmalıyam", - deyərək özümüzə bir proqram tərtib etməliyik. Hər gün bir neçə ayə və ya 1 səhifə, yaxud 5, 10, 15 səhifə... Əgər bacarırsa, insan hər gün bir cüzü tərcümə-məalıyla birlikdə oxumalıdır. Necə olursa, olsun, fikir verməli olduğumuz əsl cəhət Quranı qəlbimizdə kök salması üçün ağır-ağır və aramla oxumaqdır. Çünki Allah Təala Quranı bu məqsədlə hissə-hissə endirmişdir: Kafirlər: "Quran ona bir dəfədə cəm formada endirilməli deyildi?", - dedilər. Biz onu sənin qəlbinə yaxşı-yaxşı yerləşdirmək üçün belə etdik (hissə-hissə endirdik) və onu tək-tək (tərtillə) oxuduq (Furqan, 25/32).

Nəticə etibarilə Bu Ramazan ayında Qurana - kitabımıza başqa vaxtlarda ayıra bilmədiyimiz qədər vaxt ayırmalıyıq. Bu da Ramazanın bizə verdiyi ikinci bir fürsətdir.

3) ŞÜKÜR VƏ RAMAZAN

Ramazan ayının bir o qədər də dilə gətirilməyən və tamamilə başqa olan daha bir xüsusiyyəti də var. Belə ki, Ramazan oruc və Quran ayı olmaqla yanaşı, eyni zamanda bir şükür ayıdır. Allah Təala orucla əlaqədar ayələrin davamında belə buyurur:

Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir... Allah sizə asanlıq diləyir, çətinlik diləmir. Bir də o sayı tamamlamağınızı və sizə göstərdiyi doğru yol üzrə Ona təkbir gətirməyinizi istəyir. Bəlkə, şükr edəsiniz (Bəqərə, 2/185).

Şükür təşəkkür deməkdir. Qədr-qiymət bilmək, bəndə olduğunu yada salmaqdır. Aciz olduğunun, Allah qarşısında verən deyil, alan əl olduğunun, ruziya möhtac olduğunun fərqinə varmaq deməkdir. Bir Ramazana da çatdırdığı üçün, bir daha fürsət verdiyi üçün, bu sevinci bir də yaşatdığı üçün Allaha təşəkkürün ifadəsidir.

Ramazanın - orucun başqa bir hədəfi də bəndələrə şükür şüurunu aşılamaqdan ibarətdir. Şükür bir sevincin xaricdə əks olunmasıdır. Ramazan kimi bir nemətə qərq olan möminə yaraşan bir təşəkkürdür.

İnsana ibadət etmək əmr olunduğu kimi şükr etmək də əmr edilmişdir:

Xeyr! Yalnız Allaha ibadət et və şükredənlərdən ol (Zumər, 39/66).