Muğam Mərkəzində Cəlil Məmmədquluzadənin məşhur əsəri tamaşaya qoyulub (FOTO)


Digərləri 08 May 2019 04:49:00 173 0

Muğam Mərkəzində Cəlil Məmmədquluzadənin məşhur əsəri tamaşaya qoyulub (FOTO)

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Cəlil Məmmədquluzadənin əsəri əsasında "Danabaşlar" tamaşası nümayiş olunub

Bakı. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Cəlil Məmmədquluzadənin əsəri əsasında "Danabaşlar" tamaşası nümayiş olunub. Trend-in məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində həyata keçirilib. Tamaşanın quruluşçu rejissoru kurs rəhbəri Əməkdar artist Yaqut Paşazadə, səhnələşdirmənin müəllifi Mir Sahib Ağazadə, kursun səhnə danışığı müəllimi dosent Nadir Hüseynovdur. “Danabaşlar” tamaşası Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu” əsərləri və bir neçə felyetonun səhnələşdirməsi əsasında hazırlanmış, səhnənin mərkəzində qara örtü ilə örtülən kitab isə müəllifin “Anamın kitabı” əsərini simvolizə edib. Səhnələşdirmə, çox təəssüf ki, bu gün də öz aktuallığını saxlayır. Belə ki, Mirzə Cəlildən bu yana novruzəlilərin avamlığını, kor-koranə itaətini, məmmədhəsənlərin mövhumatını, xudayarların zülmü-istismarını, qazilərin, şeyx nəsrullahların uydurma fitvaları ilə avtoritetini saxlamasını, şəriəti rəzilliklərinə vasitə etməsini inkişaf etmiş, müasir texnologiyalara yiyələnən orta statistik azərbaycanlının həyatında hələ də görmək olar. Tamaşa qəmli komediya janrında hazırlanmışdı. Bu janr təyinini Mirzə Cəlilin bütün yaradıcılığına şamil etmək olar. Çünki ömrünün sonuna qədər qələmi istehzalı, gözü isə yaşlı olan Mirzə Cəlil son günlərini də tragikomik bir vəziyyətdə, əlyazmalarını sobada yandırıb istisinə qızınaraq keçirib.