ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib (FOTO)


Digərləri 07 May 2019 12:19:00 218 0

ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib (FOTO)

ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib

Bakı. Mayın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) dəstəyi ilə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. ADU-dan Trend-ə verilən məlumata görə, açılış mərasimindən öncə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla başda olmaqla, universitet rəhbərliyi, konfrans iştirakçıları və qonaqlar ulu öndər Heydər Əliyevin büstü önünə əklil və tər güllər qoyulub. Konfransda Azərbaycan Respublikasının dövlət himni və “Gaudeamus” tələbə himni səsləndirilib. ADU-nun rektoru akademik Kamal Abdulla konfransda uzaq ölkələrdən yaxın dostların iştirak etdiyini söyləyərək qonaqları salamlayıb. Konfransın rəmzi məna daşıdığını söyləyən rektor ötən il keçirilən eyni məqsədli I beynəlxalq elmi konfransdan söz açıb. O bildirib ki, sözügedən konfransın bölmə iclaslarının müzakirələri dünyanın 11 ölkəsində və 14 universitetdə keçirilib. Rektor konfransın hazırkı müzakirələrinin ali təhsil müəssisələri ilə yanaşı, ölkənin köçkün məktəblərində də baş tutacağını bildirib. Universitet rəhbəri qeyd edib ki, konfransın miqyasının məktəblərə yayılması Heydər Əliyev ideologiyasının öyrədilməsi ilə yanaşı, universitetin həmin məktəblərə göstərdiyi qayğıdır. Kamal Abdulla əlavə edib ki, birgə konfransların keçirilməsi əlaqələrin inkişafına gətirib çıxarır və bu əlaqələr orada təhsil alan şagirdlərin layiqli Azərbaycan vətəndaşı kimi formalaşmasında yardım edir. O, Azərbaycan multikulturalizminin uzun əsrlərdən bu dövrlərə uzun keşməkeşli yollar keçdiyini bildirib: “Buna baxmayaraq ulu öndərin hakimiyyəti dövründə multikulturalizmin siyasi əsasları qoyulub. Müxtəlif dövlət sənədlərində multikultural dəyərlər, Azərbaycanda yaşayan xalqların mənəvi irsinin qorunması, dil və ədəbiyyatlarının inkişaf etdirilməsi ilə bağlı qanunlar öz əksini tapıb. Bu gün həmin multikultural siyasəti Azərbaycan Prezidenti ləyaqət və şərəflə davam etdirir. İlham Əliyev Azərbaycan multikulturalizminin yeni modelini ortaya qoyan şəxsdir. Bu model Azərbaycan multikulturalizmini dünyada məşhur edib. Azərbaycan multikulturalizmi Avropanın bir çox universitetində tədris olunur. Bu o deməkdir ki, həmin ölkələrdə Azərbaycan mədəniyyəti, ədəbiyyatı, psixologiyası, dəyərləri və həqiqətləri tədris olunur. Heydər Əliyev və multikultural dəyərlər mövzusu tükənməz mövzudur. Bu mövzunun keçmişi, bugünü, gələcəyi də var. Konfransımızın da dünəni var idi, bugünü var, gələcəyi də olacaq”. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfransda iştirak etməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan Respublikasının müstəqillik əldə etməsində, keçmişin bütün mərhələlərində ulu öndərin xidmətlərindən danışıb. G.Əfəndiyeva konfransın mövzusunun dünya üçün aktual olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin, xalqların qarşılıqlı anlaşma və tarixi ənənələrə hörmət çərçivəsində yaşadıqlarını bildirib. YAP-ın icraçı katibinin birinci müavini professor Mübariz Qurbanlı akademik Kamal Abdullanın təşəbbüsü ilə ulu öndər Heydər Əliyev irsinin tədqiqi ilə bağlı konfransda iştirak etməkdən məmnunluğunu bildirib. M.Qurbanlı Heydər Əliyev irsinin elmi-mənəvi və praktiki sahədə tədqiqatı üçün gözəl təşəbbüs olduğunu qeyd edib. O, bu irsin öyrədilməsi, geniş miqyasda çatdırılmasının mənəvi borcumuz olduğunu bildirib. Heydər Əliyev ideyaları içində multikulturalizmin çox önəmli yer tutduğunu deyən M.Qurbanlı konfransın işinə uğurlar arzu edib.