Yaponiyanın "Fuji Optical" şirkətinin Azərbaycana humanitar yardım missiyalarının 15 illiyi qeyd edilib


Digərləri 06 May 2019 14:11:00 183 0

Yaponiyanın "Fuji Optical" şirkətinin Azərbaycana humanitar yardım missiyalarının 15 illiyi qeyd edilib

Bakıda Yaponiyanın "Fuji Optical" şirkətinin Azərbaycana humanitar yardım missiyalarının 15 illiyi ilə əlaqədar tədbir keçirilib.

Bakı. Bakıda Yaponiyanın "Fuji Optical" şirkətinin Azərbaycana humanitar yardım missiyalarının 15 illiyi ilə əlaqədar tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, BMT və digər beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri, nümayəndənin səlahiyyətlərini müvəqqəti icra edən Oktavian Mohorea "Fuji Optical" şirkətinin 15 ildir xeyirxah missiya həyata keçirdiyini və 31 mindən çox qaçqın, məcburi köçkün, aztəminatlı ailənin bu aksiyadan yararlandığını deyib. O, humanitar aksiyanın bu həftədən etibarən yenidən başlayacağını və Bakı ilə yanaşı, regionlarda da həyata keçiriləcəyini diqqətə çatdırıb. Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu xeyirxah təşəbbüsə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib. Gündoğar ölkənin özəl şirkətinin 2005-ci ildən ölkəmizdə xeyirxah missiyalar həyata keçirdiyini deyən Əli Həsənov təxminən 59 min yüksəkkeyfiyyətli eynəyin paylanıldığını qeyd edib. O, şirkətin rəhbəri Akio Kanainin 2006-cı ildə "Nansen Qaçqın Mükafatı" ilə təltif olunduğunu xatırladıb. Baş nazirin müavini Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf etdiyini vurğulayıb. O, dövlətimizin başçısının bu əlaqələrin genişlənməsinə diqqət göstərdiyini bildirib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai "Fuji Optical" şirkətinin Azərbaycanda həyata keçirdiyi humanitar missiyalara 2,8 milyon dollardan çox vəsait xərcləndiyini deyib. Əlavə edib ki, 1992-ci ildən etibarən BMT QAK Azərbaycana humanitar yardımlar edir. Humanitar yardımlar davamlı inkişaf məqsədlərinə nail olmaq üçün böyük əhəmiyyət kəsb edir.