Özünüməşğulluq proqramı: Verilmiş aktivlərdən səmərəli istifadə üçün təkmil metodiki dəstək mexanizmi qurulur


Digərləri 06 May 2019 13:35:00 165 0

Özünüməşğulluq proqramı: Verilmiş aktivlərdən səmərəli istifadə üçün təkmil metodiki dəstək mexanizmi qurulur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi proqram əsasında verilmiş aktivlərdən səmərəli istifadə üçün daha təkmil formada metodiki dəstək mexanizminin qurulması işlərinə başlayıb.

Bakı. Prezident İlham Əliyev özünüməşğulluq proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyi olduğunu vurğulayıb. Dövlət başçısı, eyni zamanda “Bəzən müəyyən vasitələr vətəndaşlara veriləndən sonra bəzi vətəndaşlar o vasitələrdən səmərəli şəkildə istifadə edə bilmirlər və bu imkanı əldən verirlər. Ona görə burada, əlbəttə ki, dövlət tərəfindən həm tövsiyə verilməlidir, - mən bilirəm ki, treninqlər də keçirilir, - eyni zamanda, nəzarət də kifayət qədər güclü olmalıdır” bildirib. Tapşırığın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi proqram əsasında verilmiş aktivlərdən səmərəli istifadə üçün daha təkmil formada metodiki dəstək mexanizminin qurulması işlərinə başlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, xüsusilə proqrama cəlb olunanların 85 faizi biznes-planlarına uyğun kənd təəsərrüfatı, xüsusən heyvandarlıq fəaliyyəti üzrə öz təsərrüfatlarını qurur. Onlara verilən mal-qara Qida Təhlükəsizliyi Agentliyi ilə birgə iş müstəvisində mütəmadi baytar yoxlamalarından keçəcək. Mal-qaraya qulluq qaydaları barədə proqram iştirakçılarına müxtəlif formalarda metodiki dəstək tədbirləri həyata keçiriləcək. Həmçinin digər fəaliyyət sahələri (xidmət, istehsal və s.) üzrə qurulmuş təsərrüfatlara vaxtaşırı baxış keçirilməklə, avadanlıqlar formasında verilən aktivlərdən düzgün və məqsədyönlü istifadə vəziyyəti təhlil olunacaq, bu istiqamətdə də vətəndaşlara ardıcıl metodiki köməkliklər göstəriləcək.