İncitmədən korluğa aparan xəstəlik Araşdırma


Digərləri 06 May 2019 02:30:00 205 0

İncitmədən korluğa aparan xəstəlik  Araşdırma

Həkimlər gəncləri bu xəstəliyə qarşı diqqətli olmağa çağırırlar 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Günelin 6 yaşından gözləri zəif görür. 25 yaşına qədər gözündəki zəifliyin ciddiyyətini başa düşməyib. Ta ki, göz görmə qabiliyyətini itirənə qədər... : "Görməmdə çətinlik çəkənə qədər gözümdə ciddi problem olduğunu bilmirdim. Əvvəllər adi zəiflik idi. Bir müddət sonra kitab oxuyanda ikili görməyə başlayırdım. Artıq görməmdə ciddi problem yaranmışdı. Bir dəfə bir gözümü əlimlə tutdum hiss etdim ki, digər gözümlə bulanıq görürəm. Sonuncu mərhələdə qızartı olurdu. Gözümü ovxalamaqdan bezmişdim. Günə, işığa qarşı çox həssas idim. Gündüzlər çölə çıxmaq istəmirdim. Günə çıxan kimi gözüm yaşarırdı".

Günel son mərhələdə həkimə müraciət etdikdən sonra keratokonusla "tanış" olub. Məhz bu xəstəliyə görə, sol gözü tam olaraq, görmə qabiliyyətini itirib. Sağ gözündə isə xəstəliyin inkişafını saxlamaq üçün əməliyyat edilib.

Göz zəifliyinin sürətlə yayıldığı bir dövrdə gənclər keratokonus təhlükəsi ilə üz-üzə qalır. Bəs keratakonus nədir və necə yaranır?   "Xəstəlik 20-40 yaş arasında irəliləyir"   Oftalmoloq-cərrah Günay Əliyevadeyir ki, keratokonus gözün şəffaf təbəqəsinin yəni buynuz qişanın miopiya və astiqmatı ilə birlikdə incəlməsi və qabarmasından yaranan xəstəlikdir. Həkimin sözlərinə görə, əsasən yetkinlik dövründə başlayan xəstəlikdən insanlar ancaq 20 yaşından sonra xəbərdar olurlar: "Xəstəlik 20-40 yaş arasında irəliləyir və 40 yaşından sonra sabit dönəmə girir. Buynuz qişa gözün əsas hissəsindən biridir. O, işıqları qıraraq fokuslayır və aydın görməyimizə kömək edir. Keratokonusda buynuz qişanın forması dəyişilir və görmə pozulur. Keratokonus maşın sürmə, kompyuterdə yazı yazma, televizora baxma və ya oxuma kimi bəzi fəaliyyətləri çətinləşdirə bilər".

Xəstəliyin yaranma səbəblərinə gəldikdə isə, həkim deyir ki, səbəb tam olaraq bilinmir: "Xəstəliyin yaranmasına genetik və mexaniki travmalar önəmli rol oynayır. Gözün ovulması, sərt kontakt linza istifadə edilməsi, ekoloji faktorlar əsas səbəb kimi görülür. Genetik uyğunluğu olan insanlarda bu xəstəlik irəliləyir".    "Hər müayinədə fərqli eynək yazılırsa..."

Xəstəliyin simptomları haqqında məlumat verən həkim vurğuladı ki, gözdə tez-tez allergiya və ya qaşıntı olması, nəsildə keratokonus xəstəliyinə rast gəlinməsi, davamlı olaraq artan miopiya və astiqmatın olması, hər göz müayinəsində fərqli eynək nömrəsinin yazılması, eynəklə də tam görməmək və işığa  həssaslıq xəstəliyin siqnalını verən əsas əlamətlərdir: "Bu simptomlar keratokonus xəstəliyi riskinin yüksək nisbətdə olduğundan xəbər verir. Belə hallarda oftalmoloqa müraciət etməyiniz məsləhətdir. Bəzən olur ki, eynək istifadə etmək istəməyən, eksimer lazer müalicəsi üçün müraciət edən xəstələrdə buynuz qişanın incəlməsi üçün edilən topoqrafiya tətbiqi zamanı təsadüfən keratakonus  tapılır. Yəni məndə ola bilməz deməyin, gözü zəifliyi olan hər kəsdə bu xəstəlik yaranıb, inkişaf edə bilər".

İnkişafın qarşısını alan müalicə üsuluna gəldikdə isə, həkimin sözlərinə görə, erkən vaxtlarda eynək görməyə kömək edə bilər: "Görmə keyfiyyətini artıran müalicə, erkən zamanlarda eynək görmə üçün faydalı ola bilər. Həmçinin keratokonusa görə kontakt linzalar, kornea içi halqalar istifadə oluna bilər. İnkişaf edən zamanda kornea nəqlini etmək mümkündür".   "Keratakonus ağrı verən xəstəlik deyil"   Həkim-oftalmoloq Fidan Abdullayevadeyir ki, keratakonus ağrı verən xəstəlik olmadığı üçün pasientlər təhlükənin fərqinə varmırlar: "9 yaşından etibarən bu xəstəlik yarana bilər. Keratakonus ancaq və ancaq görməni aparır, yəni, görmə zəifləyir. Başqa heç bir ağrı verən xəstəlik deyil. Pasiyentlərin ən çox şikayətləri eynək nömrələrinin sürətli artması ilə bağlıdır. Pasiyentlər aydan-aya başqa eynəyə keçirlər. Belə olan halda artıq həkim də, pasiyent də şübhələnməlidir. Əgər tez-tez eynəyini dəyişmək məcburiyyətində qalırsansa, keratakonus olma ehtimalın çoxdur".


Xəbərə aid fotolar