Uşaq sakit, sözəbaxandırsa, özü də təkcə oynayırsa...


Digərləri 05 May 2019 23:30:00 234 0

Uşaq sakit, sözəbaxandırsa, özü də təkcə oynayırsa...

Mütəxəssis deyir ki, valideynlər diqqətli olmalı, uşaqlarla bir şəxsiyyət kimi davranmalıdırlar 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Uşaqlar bizim gələcəyimizdir" ifadəsini işlətməyən, eşitməyən yoxdur. Bəs yaxşı, bu cümlənin mahiyyətini tam mənası ilə anlayıb, buna əməl edib uşaqları qoruyan nə qədər insan var? Gələcəyimizin yaxşı olması üçün bu günün uşaqlarını qorumaq, onların təlim-tərbiyəsi ilə məşğul olmaq ən vacib şərtlərdən biridir. Amma çox təəssüf ki, günümüzdə övladının hərəkətlərini, başqa uşaqlarla davranışını düzgün qiymətləndirə bilməyən valideynlər də var. 0-3 yaş arasında uşaqların demək olar ki, əksəriyyəti eyni inkişaf yolu keçir. Lakin 3 yaşdan sonrakı dövrdə hər uşağın özünəməxsus xüsusiyyətləri formalaşır və açıq şəkildə özünü büruzə verir. Bəzi uşaqlar çox aktiv olur, danışmağa, çoxlu suallar verməyə, dünyanı öz üsulları ilə kəşf etməyə çalışırlar. Hətta, həddindən artıq aktiv olan, bir yerdə dayanmayan uşaqlar olur ki, bəzən valideynlər bundan şikayətlənərək həkimə və ya uşaq psixoloquna müraciət edir. Amma elə uşaqlar da var ki, həddindən artıq sakit olurlar. Həmyaşıdları ilə oynamır, əlaqəyə girmir, heç nəyə reaksiya vermirlər. Dindirməsən, dinməz, "ağzı var, dili yox" fikrinə uyğun gəlir və çox təəssüf ki, valideynlər bunu müsbət hal kimi qiymətləndirirlər. Hətta, uşaqları dəcəl olan valideynlər övladlarına həmin sakit uşaqları nümunə kimi təqdim edirlər. Lakin bu məsələnin bir əmması var. Belə ki, Amerika Sosial Həyat Dərnəyi ailədəki sözəbaxan, həddən artıq nümunəvi uşaqların da narahatlıq doğuran məqamlarının olduğunu açıqlayıb. Dərnək psixoloqları araşdırma zamanı aydınlaşdırıblar ki, əslində, uşağa xas olan dəcəllik, bəzən ziyankarlıq, hansısa balacada yoxdursa, bu, həm də onun psixologiyasındakı bəzi pozğunluqdan xəbər verir. Yəni həddən ziyadə sakit uşaq gələcəkdə təhlükəli bir cani, psixopat, qatil ola bilər. Alimlər təbii olmayan hər şeyin gələcəkdə fəsad törədə biləcəyini qeyd edirlər. Sakit, nümunəvi uşaq isə heç də təbii sayılmır. Demək ki, həddən artıq sakit olan uşaqlarda da müəyyən problemlər var. Biz də mövzunun aktuallığını nəzərə alaraq ekspertlərlə uşaqlardakı həddən artıq sakitliyin səbəbini və bu kimi hallarda valideynlərin nə etməli olduqlarını öyrənməyə çalışdıq.

Psixoloq Rövşən Uğur qeyd etdi ki, hər araşdırmaya da güvənmək olmaz. Psixoloqun fikrincə, neçə uşaq arasında, hansı ərazidə, hansı formada, hansı yaş qruplarının əsas götürülməsi ilə aparıldığını, həmin uşaqların necə və hansı ailələrdən seçildiyini bildikdən sonra araşdırmanın nəticəsi barədə şərh vermək olar: "Yəni istənilən araşdırmanın hansı şəraitdə və hansı şərtlər altında aparılması vacibdir. Yoxsa istənilən araşdırmanın nəticələrinə güvənmək düzgün deyil. Lakin bir uşaq həqiqətən qaynayıb-qarışmırsa, sakitdirsə, içinə qapalıdırsa, onunla maraqlanmaq və səbəbini öyrənməyə çalışmaq lazımdır. Uşaqlar iki cür - introvert və ekstrovert olur. İntrovert uşaqla ekstrovertin davranışları, insanlarla ünsiyyətləri arasında müəyyən fərqlər müşahidə edilir. Ekstrovert uşaqlar tam rahat şəkildə ünsiyyətə girir və həmyaşıdları ilə qaynayıb-qarışa bilir. Həmin uşaqlar sanki həyata 1-0 öndə başlayırlar. Amma introvert uşaqların adaptasiya mərhələsi bir az çətin və mərhələli keçir. Bu uşaqların az dostu olur, amma dostluqları daha möhkəm və uzunmüddətli olur. Ekstrovertlərdə isə dostlar tez-tez dəyişə bilir. Yəni onlar hər insanla ünsiyyətə girə bilib, dostluq qururlar".