Oktyabr İnqilabının sifarişçiləri Lenin kimə xidmət edirdi?


Digərləri 05 May 2019 22:55:00 315 0

Oktyabr İnqilabının sifarişçiləri  Lenin kimə xidmət edirdi?

Dünya tarixində baş verən inqilabların əksəriyyətinin arxasında xarici qüvvələr dayanır. Heç bir halda maliyyələşməyən inqilab baş tuta bilməz. 20-ci əsrin ən böyük inqilabı isə 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr İnqilabıdır. Oktyabr İnqilabı barədə kifayət qədər məlumat, kitab, film var. Bəs bu inqilabın pərdə arxası aktyorları kim idi? Lenin kimə arxalanırdı və maliyyəni haradan almışdı?

Son.az ölkə.az-a istinadən bu barədə araşdırmanı təqdim edir. Amma ilk əvvəl Oktyabr İnqilabı və bu inqilabın baş aktyoru Vladimir İliç Lenin barədə qısa məlumat verək:

Oktyabr İnqilabını yaradan səbəblər

XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında da baş verirdi. Bunun nəticəsində Rusiya hökuməti nümayəndələri o zaman üçün çox da populyar olmayan II Nikolayı qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin artıq çox gec idi. Xalq 9 yanvar 1905-ci ildə etiraz məqsədi ilə nümayiş keçirdi. Nümayişdə insanlar əsasən iş saatlarının çoxluğundan və yaşayış standartlarının aşağı olmasından şikayətlənirdilər. Rus əsgərləri hər hansı bir tədbir görmədən nümayişçilərə atəş açdılar. Nəticədə 1000-dən artıq insan həlak oldu.

Bu hadisə Rusiyada çox pis qarşılandı və əlbəttə ki, bu da öz növbəsində Rusiya hakimiyyətinə qarşı çox mənfi bir imic formalaşdırdı. Bu hadisə tarixə qanlı bazar adı ilə keçdi. Leninin tərəfdarlarını nə qədər boğmağa çalışsalar da, partiya quruldu. Çoxpartiyalı sistemə keçildi və çar 2-ci Nikolay 1906-cı ildə konstitutsiyanı qəbul etməli oldu.

Milad təqviminə görə, 8 mart 1917-ci ildə Dünya Qadınlar günündə başlanan etirazlar isə son dərəcə sülhsevər başlamışdı. Hökumət çox keçmədən maliyyə məsələlərinin ədalətli həllini tələb edən xalqa qarşı zor tətbiq etməyə başladı. O zaman çar parlamenti buraxacağını söylədi. Parlamentin sədri isə dövlət idarəsinə əl qoyduğunu dedi. Beləliklə, Rusiya liberal idarə sisteminə keçdi.

İnqilab

Həmin ərəfədə İsveçrədə olan Leninə tam dəstək Almaniyadan gəldi. Buna ən başlıca səbəb isə Rusiyanı müharibədən uzaqlaşdırmaq idi. O, alim Plexanovun görüşlərindən təsirlənərək Marksizm-Leninizm ideyalarini irəli sürür. Rusiyada elə bu dövrdə ümumi bir tətil baş verdi. Belə ki, işçilər öz iş yerlərindən çıxaraq çarın sarayına hücum etdilər. Çarı taxtdan saldılar, Romanovların tərəfdarlarını həbs etdilər. Ölkədə cümhuriyyət elan edildi. Daha sonra seçici hökumət tətbiq edilir və bu hökumətin başçısı əvvəl Milyukov, daha sonra Teresenko olur. Ancaq hökumət yalnız burjualardan ibarət idi. Məqsəd yenə də proletariya inqilabı səciyyəsini daşıyırdı. Leninin o zaman üçün olan bir şüarı belə idi ki, bütün iqtidar sovetlərdə cəmlənsin. Elə bu şüarla da inqilaba başladılar.

Lakin üsyandan öncə Petroqrad sovetləri leninistlərə qarşı hücuma başladı və 1917-ci ilin iyununda baş tutan bu mübarizədə Lenin məğlub şəkildə Finlandiyaya qaçdı. Lakin 3 aydan sonra, oktyabr ayında Lenin bütün iqtidar sovetlərə öz şüarı ilə inqilab etdi və özü başda olmaqla yeni hökumət quruldu.

1917-ci ildə Antanta ittifaqında müharibənin sona qədər davam etdirilməsi ilə bağlı qərar qəbul olundu. Bu zaman Rusiya və Fransa gizlin olaraq Almaniya ilə sərhədlərini müstəqil şəkildə bölmək qərarına gəldilər.

Müvəqqəti Hökumət dövründə nazir bəyan etdi ki, bu müharibə almanlar üzərində qələbəylə yekunlaşmayana qədər davam etməlidir. Ümumiyətlə isə Rusiya o dövrdə çar Sazanovun hakimiyyətindəki siyasətə bənzər siyasət aparırdı. Daha bir maraqlı məsələlərdən biri ondan ibarətdir ki, Rusiya daxildə baş verən bu narazılıqlar səbəbi ilə tərəfdaşlarından Almaniya üçün nəzərdə tutulan əməliyyatları bir neçə aylıq gecikdirməyi xahiş etsə də, İngiltərə və Fransanın təkidi almanların şərq sərhədlərindən xeyli üstünlük əldə etmələrinə gətirib çıxardı. Bu, ölkənin həm daxili, həm də xarici vəziyyətini daha da pisləşdirdi.

Sovet hakimiyyətinin ilk qoyduğu qanun bütün mülkədarların torpaqlarının müsadirə edilib kəndlilərə paylanması ilə nəticələnən Sülh və Torpaq haqqında qanun oldu. Leninin sosialistik ideyalarına əsasən, fəhlə və kəndli cəmiyyətin əsas təbəqəsini təşkil edirdi. Varlı mülkədarlara isə xalq düşməni imici verilmişdi.

Vladimir İliç Lenin

Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun - İlya Nikolayeviç Ulyanovun (1831-1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı var idi. Leninin ailəsi çoxmillətli idi və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir - çuvaş, kalmık, rus, alman, yəhudi, isveç.

1879-1887-ci illərdə təhsil aldığı Simbir gimnaziyasını qızıl medalla bitirmişdi. Daha sonra Kazan Universitetinin Hüquq fakultəsinə daxil olmuşdur. Tələbə hərəkatlarında iştirak etdiyi üçün Universitetdən xaric olunmuşdur.

Onun böyük qardaşı 1887-ci ildə III Aleksandra qarşı "narodovolçuluq"da ittiham olunub, edam edildi. Bəzi tarixçilərin yazılarına əsasən, Lenin məhz bu hadisədən sonra tarixi-sirli frazasını işlətdi - "Başqa cür hərəkət etmək lazımdır!".

1895-ci ilin dekabrında Lenin həbs edilir və Yenisen quberniyasının Şuşenskoe kəndinə 3 il müdətinə sürgün olunur. Lenin burada 1898-ci ilin iyulunda N.K.Krupskaya ilə evlənir, türmədə olduğu müddətdə yazdığı materiallar əsasında "Rusiyada Kapitalizmin inkişafı" adlı kitab yazır, bir neçə məqaləni tərcümə edir və onlar üzərində işləyir.

1900-cu ildə Leninin sürgünlük müddəti bitir. O, elə həmin il Rusiyanı tərk edir. Mühacirətdə olduğu müddətdə marksizmi təbliğ edən "İskra" ("Qığılcım") qəzetinin əsasını qoyur.

1905-1907-ci illər inqilabı Lenini İsveçrədə haqlayır. Lenin özgə soyadla Peterburqa gəlir və aktiv fəaliyyətə başlayır. Rusiyada qalmaq təhlükəli idi. 1906-cı ildə Finlandiyaya və oradan da 1907-ci ilin payızında yenidən xaricə çıxır.1908-ci ilin ilk günlərində Lenin İsveçrəyə qayıdır.

5 may 1912-ci ildə ilk leqal Bolşevik qəzeti olan "Pravda"-nın ("Həqiqət") ilk nömrəsi çıxır. Onun baş redaktoru faktiki olaraq Lenin idi. 1912-ci ilin sonlarından başlayaraq Avstriya-Macarıstanın ərazisində yaşamağa başlayır. Birinci dünya müharibəsi onu məhz bu yerdə haqlayır. Avstriya jandarmı Lenini çara şpionluqda ittiham edib tutur, lakin tezliklə buraxır. Qayıtdıqdan sonra Lenin "Başlanmış müharibə imperialist, hər iki tərəfdən ədalətsiz müharibədir və işçi qüvvələrinin maraqlarına uyğun deyil" fikri ilə çıxış etməyə başlayır.

1917-ci il fevral inqilabından (bu hadisə haqqında Lenin qəzetdən oxuyur) sonra Almaniya hökuməti Leninə bir qrup partiya silahdaşı ilə birlikdə İsveçrədən çıxıb Almaniya vasitəsi ilə Rusiyaya keçməsinə icazə verir. Lenin "Plomblanmış" deyilən vaqonda hərəkət edirdi-başqa sözlə ona və onun silahdaşlarına vaqonu sərhədə kimi tərk etmək qadağan olunmuşdu. Həmçinin alman hakimiyyəti çox gözəl bilirdi ki, Lenin kimdir və onun ideyaları qanlı vuruşmanı davam etdirmək niyyətində olan Rusiya üçün necə sosial partlayışa səbəb ola bilər. Hətta belə bir hipotez mövcuddur ki, məhz bu səbəbdən almanlar Leninə öz ərazilərindən sərbəst keçməyə icazə vermişlər. Lenin Rusiyaya 3 aprel 1917-ci ildə çatır. Növbəti gün, 4 apreldə Lenin bolşeviklər qarşısında məruzə ilə çıxış edir. Bu çıxış tarixə "Aprel tezisləri" kimi düşür. Lenin burada burjua-demokratik inqilabından fəhlə, sosialist inqilabına keçid haqqında öz fikirlərini ifadə edir.

20 iyulda müvəqqəti hökumət Leninin həbsi haqqında əmr verir. O, bir müddət Petroqradda, daha sonralar 21 avqusta kimi Petroqraddan bir az aralıda - Razliv gölü ətrafında, oktyabrın əvvəllərinədək isə Finlandiyada gizlənməli olur.

4 oktyabr 1917-ci il Lenin Smolnıy şəhərinə gəlir və o vaxtki Petroqrad şurasının sədri L.D. Trotskiy ilə birlikdə inqilabi oyanışın birbaşa rəhbərliyi ilə məşğul olmağa başlayır.