Erkən kinonun bənzərsiz simaları FOTO


Digərləri 05 May 2019 20:50:00 250 0

Erkən kinonun bənzərsiz simaları  FOTO

Tarixdə kinonun böyük uğuru bir çox kompaniyaları müxtəlif çəkiliş qurğularını inkişaf etdirməyə həvəsləndirib. Bu işdə ilk maraqlı olan şəxslər elə kameraların ixtiraçıları olub. Misal üçün, Lümieğ qardaşları kinonu inkişaf etdirmək üçün əllərindən gələni ediblər. Film çəkilişlərindən başqa digər kompaniyalarla da əlaqələr qurublar. Kino işi ilə məşğul olan şəxslərlə kontrakt imzalayıb, onları kameralarla təmin edərək əyalətlərə göndəriblər. Bu insanlar həm də ucqar yerlərdə filmlər çəkib nümayiş etdiriblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müəyyən edilib ki, təkcə 1897-ci ildə Avropada 300 qısametrajlı film çəkilib. Amerikalı Edison da öz növbəsində, bu sehrli aləmə baş vuraraq filmlər istehsal edib. Onun filmlərinin mövzusu fərqli və rəngarəng olub. Xatırladaq ki, o dövrün filmləri hərəkət edən kadrlardan ibarət idi. Kamera əvvəlcədən düşünülmüş səhnələri eyni planda çəkirdi. Əlbəttə bu, indiki zamanda tamaşaçı üçün çox darıxdırıcıdır. Ancaq o dövrdə ekranda adamların hərəkət etməsi tamaşaçılar üçün bir möcüzə idi.

Çox güman ki, əgər o dövrün filmləri hərəkətdə olan şəkillərdən ibarət olmasaydı, ilk dəfə film nümayiş etdirən fransalı Lümieğ qardaşlarının düşündüyü kimi, kino qısa ömürlü olardı. Nə yaxşı ki, kino inkişaf etdi. Onun inkişafı bir təsadüf nəticəsində baş verdi. Bir dəfə Venesiyada bir operator qayığın üstündə quraşdırılmış kameranın hərəkət etməsi nəticəsində "travellinq" texnikasını icad etdi. Bu texnika mənzərəni soldan sağa və ya əksinə çəkirdi. Bu, kino sahəsində əsl inkişafdan xəbər verirdi...

İngiltərə şəhərlərindən birində bir qrup insan kameranı tədqiq etməyə başlayır. Onlardan biri, astronomiya həvəskarı Corc Albert Smit idi. O, kameranın optikasından məharətlə istifadə edərək, bir çox sənədli filmlər çəkmişdi. O, 1900-cü ildə lentə aldığı "Nənənin böyüdücü şüşəsi" adlı qısametrajlı filmində zalda əyləşənləri güldürmək üçün əşyaları iri planda göstərirdi. Sonradan Smit lent üzərində işləyərək "kinomokolor" adlandırdığı rəngli kinonu icad etdi.

Fransada da kino öz axarı ilə inkişaf edirdi. Tarixdə ilk dəfə olaraq kino xəbərləri haqqında jurnal bu ölkədə buraxılmağa başlanıb. O dövrün kinolarında hər yerdə real həyatdan götürülmüş səhnələr çəkilirdi. Ancaq Fransa kino sənayesində artıq fantastik janrlarda filmlər çəkilməyə başlanmışdı. "Aya səyahət" filmi məhz belə ekran əsərlərindən idi. Filmdə bir qrup alimin aya uçub orada yaşamasından söhbət açılırdı. Ekran əsərində bir çox özəl dekorasiyalardan, xüsusi effektlərdən istifadə olunmuşdu. Parterin nağıl etmək məharəti "Qatara hücum" filmində daha yaxşı alınmışdı. 1903-cü ildə işıq üzü görən bu filmdə hücum planı mükəmməl şəkildə qurulmuş, kinoda "paralel səhnələrin montajı" kimi yeniliklərdən istifadə olunmuşdu.

Teatr sahibləri belə yenilikləri görüncə öz zallarında tamaşaçıları əyləndirməkdən ötrü filmlər sifariş edirdilər. Hətta teatrlar arasında münaqişə yaranmasın deyə, distribüter şirkətləri də yaranmışdı. Beləliklə, kino sənayesi tədricən inkişaf etməyə başlayırdı. ABŞ-da xüsusi proyeksiya zalları yaranmışdı ki, orada giriş üçün 50 sent alırdılar. Belə zalların sayı artdıqca film istehsalı ilə məşğul olan kompaniyaların da sayı artmağa başlamışdı. Bu cəhət, eyni zamanda, daha çox filmlərin çəkilməsini tələb edirdi. 1908-ci ilin statistikasına görə ABŞ-da hər həftə kinoya gələnlərin sayı 14 milyona çatırdı.


Xəbərə aid fotolar