Buşa qalib gələn, savaşa “yox” deyən, xərçəngdən əziyyət çəkən imperator…


Digərləri 04 May 2019 19:05:00 199 0

Buşa qalib gələn, savaşa “yox” deyən, xərçəngdən əziyyət çəkən imperator…

Yaponiya imperatoru Akihito bu gün taxtını tərk edərək hakimiyyəti böyük oğluna - 59 yaşlı varis şahzadə Naruhitoya təhvil verib. 30 ildir taxtda olan 85 yaşlı Akihito imperatorluqdan könüllü şəkildə imtina edib ki, bu da Yaponiya tarixində bir ilkdir.

Son.az strateq.az-a istinadən bildirir ki, imperator Akihito 1933-cü ilin 23 dekabrında anadan olub. 2600 illik tarixi olan imperatorluqda sayca 125-ci rəhbərdir. Akihito 2 yaşından etibarən ata-anasından kənarda tərbiyə alıb. 1959-cu ildə çoxəsrlik ənənəni pozaraq sevib-seçdiyi Mitiko Syoda adlı xanımla ailə qurub.

Mitiko nəhəng un dəyirmanı şirkətinin prezidentinin böyük qızı idi. İmperator ailəsinin üzvlərinə isə aristokratiyaya daxil olmayan ailələrin övladları ilə ailə qurmağa icazə verilmirdi.

Akihito gələcək xanımı ilə tennis kortunda tanış olmuşdu. Cütlüyün üç övladı, dörd nəvəsi var.

Atası Xirohitonun ölümündən sonra - 1989-cu ilin 7 yanvarında Akihito taxta çıxıb. Ölkədə onun taxta çıxması münasibətilə təşkil olunan rəsmi tədbirlər iki ilə yaxın davam edib.

İmperator Xirohito İkinci dünya savaşından sonra - Yaponiyanın kapitulyasiyası çərçivəsində imperator ailəsinin ilahlaşdırılması (ilahi mənşəyi) ənənəsindən imtina etdiklərini elan edib.

Lakin imperator əvvəlki kimi sintoizmin - Yaponiyanın dövlət dininin rəhbəridir. Yaponiya konstitusiyasına görə, imperator millətin rəmzi hesab olunur. Yaponların bir hissəsi hələ də imperatora ilah kimi yanaşır.

Fəaliyyəti dövründə imperator Akihito çoxsaylı ölkələrdə olub və özündən əvvəlki rəhbərlərdən daha çox dünya lideri ilə görüşüb.

1998-ci ildə Britaniya kraliçası Yelizaveta ilə də bir araya gəlib. ABŞ-ın keçmiş prezidenti Corc Buşla (ata Buş) iki dəfə tennis oynayan Akihito hər iki oyunda qalib olub.

2003-cü ildə imperatorda prostat vəzinin xərçəngi aşkarlanıb. 2012-ci ildə isə imperator ürək əməliyyatı keçirib.