Bu il Azərbaycanda 1 yeni körpü tikilib, 5 körpü və 1 yeraltı piyada keçidi təmir olunub


Digərləri 03 May 2019 19:31:00 205 0

Bu il Azərbaycanda 1 yeni körpü tikilib, 5 körpü və 1 yeraltı piyada keçidi təmir olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2019-cu ilin I rübü ərzində uzunluğu 44.4 km respublika və yerli əhəmiyyətli avtomobil yolları, həmçinin 48.4 km Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub. Bundan başqa, 1 yeni körpü tikilib, 5 körpü və 1 yeraltı piyada keçidi isə təmir olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov qurumun 2019-ci ilin I rübündə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclasında deyib.

Sədr əlavə edib ki, 2019-cu ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan kəndlərarası və Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarının tikintisi məqsədilə Agentliyə ayrılmış vəsait hesabına 50 layihənin icrası davam etdirilir. Bunlardan 11 layihə Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarına, 39 layihə isə ölkənin kəndlərarası avtomobil yollarına aiddir.

İclas zamanı qeyd olunub ki, daxili investisiya və xarici kreditlər hesabına isə hazırda 5 respublika əhəmiyyətli avtomobil yolu yenidən qurulur, 1 yeni magistral yol inşa edilir, həmçinin 4 magistral avtomobil yolunun müəyyən hissələrinin yenidən qurulması, genişləndirilməsi və bərpası işləri aparılır, Rusiya ilə sərhəddə yerləşən Samur çayı üzərində yeni avtomobil körpüsü inşa edilir.