“Microsoft” “Windows 7” əməliyyat sisteminin dəstəklənməsini dayandırır


Digərləri 03 May 2019 16:14:00 232 0

“Microsoft” “Windows 7” əməliyyat sisteminin dəstəklənməsini dayandırır

10 illik fəaliyyətdən sonra "Windows 7" sisteminin dəstəklənməsi 2020-ci ilin 14 yanvar tarixindən dayandırılacaq. Səbəb isə "Microsoft"un 2009-cu ilin 22 oktyabr tarixində "Windows 7" işə salınarkən şirkətin üzərinə götürdüyü 10 illik dəstək öhdəliyinin müddətinin sona yaxınlaşmasıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, istifadəçilər bu barədə bildirişləri bu ilin aprel ayından etibarən almağa başlayıblar. Bildirişlər il ərzində bir neçə dəfə təkrarlana bilər. Bunun əsas məqsədi müştəriləri yeniliklərə hazırlamaqdır. İnformasiya xarakteri daşıyan bildirişləri almaqdan imtina etmək də olar.

Bununla belə, "Windows 7" fəaliyyətini davam etdirəcək, amma istifadəçilər "Microsoft"dan təhlükəsizlik bildirişləri almayacaq. Bu isə o deməkdir ki, köhnə proqram təminatında çalışan kompyuterlər viruslara qarşı həssas olacaq. Həmçinin, "Microsoft" "Windows 7"-ə texniki dəstək göstərməyəcək.

Bu keçidi rahatlaşdırmaq üçün "Microsoft FastTrack"in təklif etdiyi "Desktop App Assure" xidməti aktivləşdirilir. Bu xidmət "Windows 10" və "Office 365ProPlus" ilə bağlı yarana biləcək istənilən problemi aradan qaldırır.

Bundan başqa, "Microsoft" SQL Server 2008 və Windows Server 2008 məhsullarını dəstəkləməyi müvafiq olaraq 2019-cu ilin 9 iyul və 2020-ci ilin 14 yanvar tarixindən dayandırır.

Qeyd edək ki, "Windows Server 2008" 2010-ci ilin 14 yanvar tarixindən fəaliyyətini saxladığı halda, SQL Server 2008 bunu 2019-cu ilin 9 iyul tarixində edəcək.

"Windows Server 2008/2008 R2" və "SQL Server 2008/2008 R2"in fəaliyyət vaxtının bitməsi müştəriləri kibertəhlükələr ilə üz-üzə qoyur. Bu səbəbdən müşrətilərə yeni məhsullardan istifadə etmək tövsiyə edilir.