Qida təhlükəsizliyinin təmin olunmasında növbəti mərhələyə keçid başlayacaq


Digərləri 03 May 2019 11:17:00 245 0

Qida təhlükəsizliyinin təmin olunmasında növbəti mərhələyə keçid başlayacaq

"Dövlət Proqramının qəbul edilməsi ilə qida təhlükəsizliyinin təmin olunmasında növbəti mərhələyə keçid başlayacaq".

Son.az xəbər verir ki, bunu Trend-ə kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyib.

Onun sözlərinə görə, istehsalçılar arasında iqtisadi aktivlik yüksəlib, regionlarda yaşayan əhalidə torpağa münasibət dəyişib:

"Son illər xırda ailə təsərrüfatlarının gücləndirilməsi ilə yanaşı, sənaye istehsalına əsaslanan aqroparkların yaradılması, ixtisaslaşmış iri təsərrüfatların formalaşması daxili istehsalın artmasına təsir göstərib. Bu həm də ixrac bazarlarında şaxələnməyə, xüsusən məhsulların ixracında ixtisaslaşmanın başlamasına imkan verib".

Ekspert qeyd edib ki, həyata keçirilən birbaşa və dolayı dəstək tədbirləri nəticəsində kənd təsərrüfatında iqtisadi təşəbbüskarlıq xeyli artıb:

"Söhbət torpaqların konsolidasiyası, kooperatvləşmə, aqrar sığorta, müasir elektron sistemlərin tətbiqindən gedir. Kənd təsərrüfatının texnoloji sahəyə çevrilməsı üçün aqrar sığorta mexanizminin tətbiqi mühüm əhəmiyyət kəsb edəcək. Bütün dünya ölkələrində aqrar sığorta mexanizmindən istehsalçı üzərində psixoloji-maliyyə amili kimi istifadə edilir. Bu sistem bütün növ istehsalçıların, ilk növbədə ucqar bölgələrdə yaşayan xırda ailə-kəndli təsərrüfatlarının tam iqtisadi müdafiəsini həyata keçirəcək".