Azərbaycanda ilk “Əşyaların interneti” laboratoriyası yaradılıb FOTO


Digərləri 01 May 2019 18:22:00 214 0

Azərbaycanda ilk “Əşyaların interneti” laboratoriyası yaradılıb  FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində Azərbaycanda "Əşyaların interneti" laboratoriyasının açılış mərasimi keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi ilə "Microsoft" şirkətinin Azərbaycan nümayəndəliyi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən yaradılan laboratoriya adıçəkilən mərkəzdə fəaliyyət göstərəcək.

"Microsoft Lab" adlanan laboratoriyanın əsas məqsədi tədris və tətbiq arasında körpü yaradaraq, perspektivli innovativ layihələrin icrasına gənc mütəxəssislərin və startapçıların cəlb edilməsidir.

Laboratoriyada "Əşyaların interneti" (İoT) sahəsi üzrə müxtəlif həllər və real prototiplər hazırlamaq mümkün olacaq. Gələcəkdə digər innovativ istiqamətlər üzrə də fəaliyyət genişləndiriləcək.

Məlumat üçün bildirək ki, "Əşyalar interneti" texnologiyası internetə çıxışı olan bütün cihaz və avadanlıqlar vasitəsilə məlumatların toplanması, ötürülməsi və bu məlumatlar əsasında qərar qəbuletmə prosesinin effektivliyinin artırılmasını nəzərdə tutur.

Dövlət və özəl təşkilatlar öz fəaliyyətlərində informasiya texnologiyalaının nailiyyətləri və yeni imkanlarını tətbiq etmək istədikləri halda müxtəlif layihə təkliflərini Laboratoriyaya təqdim edə biləcəklər. Bu təkliflər əsasında proqramçılar və İT şirkətlər tərəfindən laboratoriyada real layihələr yaradılacaq. Sonradan hazırlanan prototiplərin biznesdə tətbiq edilməsi məqsədilə layihələrə dəstək veriləcək.


Xəbərə aid fotolar