"Güc yolu ilə işğal edilən torpaqlar güc yolu ilə də azad edilməlidir"


Digərləri 01 May 2019 15:47:00 224 0

"Güc yolu ilə işğal edilən torpaqlar güc yolu ilə də azad edilməlidir"

"Özümü günəşə vermək üçün Dubaya getmişdim"

Azərbaycanın sabiq Baş naziri Artur Rasizadə demokrat.az-a müsahibə verib.

Son.az həmin müsahibəni oxuculara təqdim edir:

- Artur müəllim, necəsiniz? Hazırda nə işlə məşğulsunuz? 

- Dubaydan yeni qayıtmışam. Özümü günəşə vermək üçün bir-iki həftəliyinə Dubaya getmişdim. Orada istirahət edirdim. Artıq Azərbaycanda da havalar istiləşib. Ona görə də hazırda Bakıda dincəlirəm. 

- Ötən gün Tarif Şurası ölkədə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, qazın limitinin artırılması barədə qərar qəbul edib. Bu qərarı necə qarşıladınız? 

- Bu qərarla bağlı mən mətbuatdan xəbərləri oxudum. Sözün düzü, mən indiyədək düşünməmişdim ki, bununla bağlı nə etmək olar. Ancaq Energetika Nazirliyində müvafiq idarə var. Həmin qurum enerji tariflərinə nəzarət etməlidir. Mən bu qərarı alqışlayıram.

Bütövlükdə deyim ki, ölkə prezidentinin apardığı siyasət çox müsbətdir. Ötən gün prezidentin keçirdiyi müşavirədə də bunu görmək mümkün idi. İnşallah verilən tapşırıqların nəticələri daha da yaxşı olmalıdır. Bunun üçün müəyyən zaman lazımdır. 

Bu gün Azərbaycan müharibə şəraitində yaşayır, bizim üçün ən çətin məsələ Qarabağ problemidir. Bu gün dünyada gedən geosiyasi proseslər vəziyyəti daha mürəkkəbləşdirir. Hazırda dünyada qütbləşmə prosesi gedir. Biz buna misal kimi qonşu Gürcüstan məsələsini də deyə bilərik. Bu nöqteyi-nəzərdən ən vacib məsələ müstəqilliyin qorunmasıdır. 

Digər yandan isə deyim ki, bizim 30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır. Hazırda Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlar davam etdirilir. Ancaq bəzən görürsən ki, Ermənistan danışıqlar prosesini pozmağa çalışır. Dünya birliyi isə buna göz yumur. Azərbaycan bu cür ədalətsizliklərlə üzləşir. 

30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır. Ancaq erməni xalqı bundan nə qazanıb? Erməni millətçiləri və daşnaqlarının siyasəti nəticəsində Qarabağ münaqişəsi yaranıb. Bu gün münaqişə Ermənistan xalqına sərf etmir. Gec-tez işğal altında olan torpaqlar azad olunmalıdır. Bunu erməni xalqı da anlayır. Təbii ki, Azərbaycan xalqı istəyir ki, bu işğala tezliklə son verilsin. Düzdür, Qarabağ münaqişəsinin həllinə mane olanlar da var. Amma mən hər zaman bunu söyləmişəm və indi də deyirəm: Qarabağ münaqişəsinin açarı özümüzdədir. 

- Yəni, müharibə edib torpaqları işğaldan azad etməliyik? 

- Bəli, əgər lazım olsa bunu da etməliyik. Bilirsiniz, tarix göstərir ki, işğal edilən torpaqlar çox nadir hallarda sülh yolu ilə geri qaytarılır. Güc yolu ilə işğal edilən torpaqlar güc yolu ilə də azad edilməlidir. Şəxsən mən belə hesab edirəm.  

- Bu ay Avropa İttifaqı ilə Azərbaycan dövləti arasında tərəfdaşlıq sazişinin imzalanması gözlənilir. Bu sənədlə bağlı fikirlərinizi eşitmək maraqlı olardı...