İki qanad sahibi


Digərləri 28 Apr 2019 21:20:00 288 0

İki qanad sahibi

Səhabələr silsiləsindən - Cənab Cəfər Təyyar

Adı: Cəfər;

Atasının adı: Əbu Talib;

Ləqəbi: Təyyar (uçan), Zulcənaheyn (iki qanad sahibi);

Kunyəsi: Əbu Abdullah;

Anasının adı: Fatimə Əsədqızı;

Şəhadət tarixi: 8-ci hicri-qəməri ili, Cəmadiul-axır ayı;

Şəhid olduğu yer: Şam, Mutə döyüşü.

Karvan tufanlı havada aram-aram irəliləyir, külək isə karvanda olanların ayaq izlərini itirirdi. Məkkə müşriklərinin işgəncələrindən amanda qalmaq üçün müsəlman kişi və qadınlar İslam Peyğəmbərinin (s) göstərişi ilə Həbəşistana hicrət edirdilər. Həbəşistana isə yol çox uzaq idi.

Müsəlmanlar oraya ticarət gəmiləri vasitəsilə, su yolu ilə getməli idilər. "Şüeybə" limanına çox az qalmışdı. Hamı gəmiyə minməyə tələsirdi. Çünki bir tərəfdən müşriklər mühacirləri təqib edir, digər tərəfdən də gəmilərin hərəkət zamanı yaxınlaşırdı. Nəhayət, müsəlmanlar Hicazın isti, quru səhralıqları ilə çətin və üzücü səfər edib limana çatdılar. Onlar tələsik ticarət gəmilərinə minib Həbəşistana yola düşdülər.

Son.az maide.az-a istinadən bildirir ki, müşriklərin dəniz sahilinə çatadığı zaman müsəlmanlar artıq getmişdi. Buna görə də qəzəblənmiş təqibçilər çətinliklə gəldikləri yolu yenidən geri qayıtmalı oldular. Onlar müsəlmanların fərar xəbərini Məkkənin kafir hakimlərinə çatdırdılar.

Məkkə kafirləri öz adamlarından bir neçə nəfəri emal olunmuş dəri və başqa hədiyyələrlə Həbəşistana ezam etdilər. Onların planları Həbəşistan padşahına rüşvət verməklə bütün müsəlman mühacirləri Məkkəyə qaytarmaq idi. Müsəlman mühacirlər Əbu Talibin oğlu Cəfərin rəhbərliyi ilə Həbəşistan torpağına çatdılar və o ölkənin padşahı Nəcaşi müsəlmanlara sığınacaq verərək onları mehribanlıqla qarşıladı. Mühacirlərin orada məskunlaşmasından hələ çox keçməmişdi ki, Məkkə bütpərəstlərinin nümayəndələri Həbəşistan torpaqlarına daxil oldular. Onlar Nəcaşi ilə görüşüb yaltaqlanaraq dedilər: "Bizim ağılsız kəniz və qulamlarımızdan bir dəstəsi təzəlikcə öz babalarının dinindən üz döndəriblər. Onlar elə bir dinə iman gətiriblər ki, nə bizim dinimizdir, nə də ki sizin. İndi sizdən rica edirik ki, bu dəstəni öz ölkənizdən qovun və onları bizə təhvil verin."