Səudiyyəli şahzadə, futbolçu və seksual təklif


Digərləri 28 Apr 2019 20:36:00 224 0

Səudiyyəli şahzadə, futbolçu və seksual təklif

Grand Hotel, Kann şəhəri, 1976-ci il. İsti yay günü, liftdə iki kişi durub - biri varlı, o birisi yoxsul.

Zəngin adam şahzadə Abdullah bin Nasirdir: Səudiyyə Ərəbistanı dövlətini yaradan insanın nəvəsi və Ər-Riyad şəhərinin keçmiş qubernatorunun oğlu. Şahzadə olduqca varlı adamdır.

Yoxsul adam isə Manchester-dən futbolçu Eamonn O'Keefe-dir, onun Oldham-da bir evi var.

Hər ikisi kazinodan qayıdır. Abdullah uduzub - o həmişə uduzur.

Bu onun üçün faciə deyil, Səudiyyə şahzadəsi üçün bir neçə min dollar pul - cib xərcidir.

Eamonn qumar oynamır, lakin o udub.

İki il əvvəl o, Plymouth Argyle komandasının ehtiyat heyətində çıxış edirdi, əli aşağı idi.

İndi isə o yalnız zənginlərlə oturub-durur: təyyarədə ən bahalı yerlərdə uçur, beş ulduzlu otellərdə qalır, Avropa boyu zəngin ailələrlə səyahətə çıxır.

Liftdə Abdullah üzünü Eamonn-a tutub deyir: "Sənə nəsə demək istəyirəm".

O, əlini Eamonn-un çiyninə qoyur və deyir: "Mən hiss edirəm ki, səni sevirəm".

Eamonn, bir qədər əsəbli halda cavab verir: "Bir qardaş kimi nəzərdə tutursunuz?"

"Yox, - deyir Abdullah. - Qardaş kimi yox".

Kann şəhərində həmin gün hava olduqca isti idi. Elə həmin gündən də bütün problemlər başladı.

Eamonn (qabaqda - soldan) Manchester Boys komandası tərkibində. "Bu şəkil çəkildikldən 15 dəqiqə sonra ayağım sındı", - o deyir.

İndi 65 yaşında olan Eamonn-un uşaqlıq və gənclik dövrü Britaniyanın müharibədən sonrakı dövrünə təsadüf edib. O, Manchester şəhərinin şimalında, Blackley-də üçotaqlı evdə böyüyüb - üç qardaşı, iki bacısı və iti ilə. Üstəlik, nənələri də onlarla birgə yaşayıb. Görəsən, onların hamısı harada yatıb?

"Hələ də başa düşə bilmirəm", - Manchester otelində keçmişi yada salan Eamonn deyir.

Onun İrlandiya əsilli atası St Clare Catholic futbol klubunun rəhbəri olub. Onun anası klubun camaşır işlərinə baxıb: futbol formalarını yuyub-ütüləyib.

Eamonn-un evi parkdan 50 metr aralı idi, odur ki, o, hava qaralanadək futbol oynayırdı. O, əla futbolçu idi: Manchester futbol məktəbində hazırlıq keçmişdi, Manchester United-in gənclər komandasında oynayırdı - o vaxta qədər ki, Altrincham komandası ilə görüşdə ayağı sındı.

Beləcə, onun arzusuna - Old Trafford stadionunda oynamaq eşqinə son qoyuldu.

Əvəzində isə, o kuryer kimi Manchester Evening News qəzeti redaksiyasına işə qəbul olunaraq işləməyə başladı.

Ayağı sağalanda Eamonn yarı-peşəkar futbol klubu olan Stalybridge Celtic komandasında oynamağa başladı.

Onun ilk məşqçisi George Smith idi.

George Smith keçmişdə özü də futbol oynayıb, xaricdə məşqçilik edib və bu sahədə tanınıb.

George əvəllər İslandiyada Stalybridge klubunda işləyib. Bundan sonra o, Səudiyyə Ərəbistanının ən böyük klublarından biri olan Əl-Hilal klubuna keçib.

Bir müddətdən sonra Eamonn-da öz klubunu tərk edərək 500 km cənuba tərəf köçdü - Plymouth futbol klubu ilə peşəkar oyunçu kimi kontrakt bağladı.

Lakin orada o, yoxsul həyatı sürürdü - qazancı kirayə xərcini qarşılamağa ancaq çatırdı. Eamonn Plymouth klubunda bir futbol mövsumündən də az qaldı.

Günlərin bir günü Eamonn məktub alır.

Məktubun zərfindəki markanın yazıları isə ərəbcə idi.

Eamonn indi də İngiltərənin şimal-qərbində yaşayır və bəzən Manchester-ə baş çəkir.

Məktubu George Smith yazmışdı. O, Eamonn-dan xahiş edirdi ki, Eamonn bir aylığa da olsa Səudiyyə Ərəbistanına gəlib oraları görsün. Xoşuna gəlsə və istilərə tab gətirə bilsə, o, Əl-Hilal futbol klubunun ilk avropalı legioneri kimi kontrakt bağlaya bilərdi.

"Noyabr ayı idi. Manchester-də , deyəsən, qar yağırdı, - deyir Eamonn. - Düşündüm ki, heç də pis təklif deyil".

Lakin onu Səudiyyə Ərəbistanına çəkən təkcə hava deyil idi. Eamonn evli idi, onun iki uşağı var idi. O düşünürdü ki, Səudiyyədə iş ona evi ipoteka krediti üzrə borcunu daha tez müddətə ödəyib qurtarmağa imkan verə bilər.

O, əvvəlcə Londona yollandı, oradan isə Qahirə və Ciddədən keçərək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə uçdu.

Ciddəyə çatdıqda o, artıq anladı kı, fərqli bir aləmə gəlib.

Səudiyyə rəsmiləri onun əlindən Sunday Express qəzetini alaraq, oradakı şəkillərdə qadın təsvirlərini elə qayçılayıb doğradılar ki, həmin şəkillərdə yalnız qadınların baş hissəsi qaldı.

Bu, hələ harasıdır, Eamonn deyir, onun qonşuluğunda oturan digər bir sərnişinin əlində News of the World qəzeti var idi.

Eamonn mədəni şok almaqda davam edirdi. Ər-Riyad aeroportunda George nəhəng Buick avtomobilində oturub onu gözləyirdi.

Evdə isə Eamonn Morris Mini balaca bir avtomobil sürürdü.

Manchester-də balıqla qızardılmış kartof yeməyi yeyəndə özünü göyün yeddinci qatında hissə edən Eamonn indi Ər-Riyadda beşulduzlu oteldə pulsuz yeyib-içə bilirdi.

İngiltərədə yoxsulluq içində yaşayan 22 yaşlı Eamonn indi sanki alternativ bir aləmdə özünü hiss edirdi.

Üfüqədək gözü gördüyü qədər uzun palma ağacları, səhra qumu və ya isti hava deyildi - üfüqədək uzanan adı sərvət idi.

1960-cı ildə Opec təşkilatının yaradılması, 1973-cü ilin neft böhranı Səudiyyə Ərəbistanının iqtisadiyyatında bumun başlamasına səbəb oldu. 1970-1980 illərdə ölkə iqtisadiyyatının artımı 3000 faizdən çox oldu. Sözün əsl mənasında Səudiyyə Ərəbistanı neftdə çimirdi, ciddi adamlar isə böyük pullara sahib olmuşdu.

Eamonn da onlardan biri ilə görüşməli idi.

Eamonn O'Keefe (sağdan ikinci) 1970-ci ildə Əl-Hilal klubunun tərkibində çıxış edib

İlk olaraq Eamonn Ər-Riyadda şahzadə Abdullah bin Nasirlə Əl-Hilal klubunun məşqlər üçün ayrılmış stadionunda görüşdü.

Eamonn hələ də sınaq dövründə idi, meydançada futbol oynayırdı. Bu zaman klubun prezidenti olan Abdullah göy rəngli Buick avtomobilində stadiona gəlib maşınını saxladı.

Eamonn avtomobilin pəncərəsinin şüşəsinin endiyini və Abdullah-ın gözlərinin ona zillədiyini hiss etdi.

Bu zaman George Eamonn-a dedi: "Oradakı o maşını görürsən? Mənim dostumdur - prezidentdir. Sənə kontrakt verilib-verilməyəcəyi ondan asılıdır. Diqqətli ol!"

Bu anda top sağ cinahdan uçub Eamonn-un qabağına gəldi . Eamonn topa tərəf cumub topu qapıya göndərdi.

"Top qapının yuxarı küncünə güllə kimi girdi", - Eamonn 40 il bundan əvvəl baş verənləri xatırlayır.

Beş dəqiqədən sonra top sol cinahdan gəldi. Yenə də Eamonn topa çatıb onun qapının yuxarı küncünə göndərdi.

Oyuna yenidən start verilməsini gözləyən zaman George Eamonn-un qulağına pıçıldadı: "Nəyi nəzərdə tuturdunsa, indi ona daha bir sıfır əlavə et".

Oyundan sonra Eamonn, hələ də tərin içində, şahzadə ilə görüşə getdi. Abdullah ondan oteldən razı qalıb-qalmadığı ilə maraqlandı; Eamonn oteldən razı idi və bunu şahzadəyə bildirdi.

"Onda get otelə və sənə nə lazım olduğunu yaz", - şahzadə ona dedi.

Eamonn və George siyahı tutdular: pul, avtomobil, mənzil, İngiltərəyə uçuşlar, Eammon-un iki uşağı üçün özəl məktəbin təmin olunması. Şahzadə növbəti dəfə məşqlərə gələndə George siyahını Abdullaha təqdim etdi.

"Problem deyil", - şahzadə dedi.

İngiltərədə Eamonn həftədə 40 funt sterlinq qazanırdı, futboldan da əlavə olaraq daha 15 funt gəlirdi.

Səudiyyədə isə onun həftəlik qazancı təxminən 140 funt idi - indiki pulla bu, inflyasiyanı da nəzərə alaraq 1,100 funt edir.

Və heç bir vergi və hansısa kommunal xərclər ödəmək lazım gəlmirdi.

Kontraktını razılaşdırandan sonra Eamonn Manchester-ə qayıdıb, şələ-küləsini yığıb ailəsilə birlikdə Ər-Riyada qayıdır.

İlk əvvəl o, ailəsilə oteldə pulsuz qalır.

"Hesablar dəhşətə gətirirdi, lakin heç bir problem heç vaxt yaranmırdı", - Eamonn deyir.

Onun arvadı bankda yüksək maaşı olan işə düzəlir.

Əl-Hilal klubunda məşqlər həftədə iki dəfə olduğundan, Eamonn boş vaxtlarını hovuzda keçirir, uşaqlarına baxır, George ilə futbol haqqında söhbət edir. O, həmin dövrü özünün səhrada xoşbəxt günləri kimi xatırlayır.

Ən əvvəldən Abdullah Eamonn-u bəyənib. O, Eamonn üçün avtomobil aldı - "gümüş rəngində Pontiac Ventura" - və tez-tez onu çay içməyə dəvət edərdi.

Onlar futbola böyük ekranı olan televizorda baxardılar və ya Abdullah-ın qardaşları ilə söhbətləşərdilər.

Bu, bir qədər qeyri-adi görünsə də - sarışın saçlı ingilis Səudiyyə kral sarayında - Eamonn bu cür vəziyyətdən həzz alırdı.

Eamonn gənc və özünə inamlı idi. Səudiyyəlilərin təvazökarlığı isə onun üçün gözlənilməz idi.

Müəyyən mənada, Səudiyyə ona doğma Manchester-i xatırladırdı, fərq isə bir onda idi ki, bu ölkəni idarə edənlər onun dostları idi.

Futbol meydançasında da Eamonn-un işləri yaxşı gedirdi. Onun komandası Kral kubokunda yarım-finaladək irəliləmişdi. Lakin növbəti mərhələdə cərimə zərbələrində Əl-Nəsr komandasına uduzmuşdu.

Səudiyyə Ərəbistanında Eamonn-un xoşlamayan cəhətlər də olub, misal üçün bir dəfə o, maşınında uşaqları ilə ictimai cəza verilən yer olan meydanın yaxınlığından sürüb gedib.

Orada isə kimi isə qamçılama ilə cəzalandırırdılar.

Amma belə hallar istisna olmaqla Səudiyyədə həyat onun xoşuna gəlirdi.

Futbol mövsümü bitəndə O'Keefe-lər İngiltərəyə məzuniyyətə döndülər.

Onlar yola düşməkdən əvvəl Abdullah Eamonn-dan onun ev telefon nömrəsini istədi.

"Mən də İngiltərəyə gəlməyi planlaşdırıram, - şahzadə dedi. - Gərək görüşək".

Eamonn Səudiyyə futbolunda ilk avropalı xarici oyunçu olub

İgiltərədə üç həftə olduqlarından sonra Abdullah-dan zəng gəldi.

Abdullah Eamonn-un anasının evinə zəng etdi, O'Keefe-lər o evdə qalırdılar.

Abdullah zəng edəndə Eamonn evdə olmayıb, odur ki, şahzadə ilə onun anası danışıb.

Bundan sonra Eamonn Abdullaha zəng edib - şahzadənin Londonda qaldığı Carlton Tower otelinə.

İki gündən sonra Eamonn qatarla Euston vağzalına gəlir. Onu orada sürücü qarşılayır.

Londonda Eamonn yenidən Səudiyyə pullarının gen-bolluğunu görür.

O, şahzadənin altı ədəd Cecil Gee kostymu aldığının şahidi olur, Grosvenor otelində ağəlcəkli adamın tualet kabinlərinin yanında niyə durduğundan təəccüblənir ("Onlar axı, ayaqyoluna getməyə kömək etmirlər, yoxsa edilər?")

Abdullah-ın köməkçilərindən birinə yeni ayaqqabı lazım olanda, Eamonn-a 200 funt verib bir cüt ayaqqabı almağa göndərdilər.

O, Marks&Spencer-ə gedib oradan qayıdanda da 150 funt pulu qaytarıb.

"Fərqli aləmdir", - Eamonn deyir.

Bundan bir qədər sonra həmin köməkçi Ər-Riyada döndü.

Odur ki, Abdullah Eamonn-dan soruşdu ki, onun Avropa səfərində həmin köməkçini əvəzləmək istəyirmi.

Səyahətin növbəti məntəqələri Paris, Kann, Roma, sonra isə Qahirə və nəhayət Səudiyyə olmalı idi. Abdullah-ın arvadı mebel almaq istəyirdi; şahzadə isə Avropa kazinolarında qumar oynamaq həvəsində idi.

Eamonn-un arvadı və uşaqları qaynanası ilə Uelsə getməyə hazırlaşırdılar.

Artıq bir həftədən sonra Eamonn Heathrow aeroportunda səfərə hazır vəziyyətdə idi.