13 yaşından SMM kimi çalışan Samir FOTO


Digərləri 26 Apr 2019 23:48:00 241 0

13 yaşından SMM kimi çalışan Samir  FOTO

Samir Ağayev: "Sosial medianın gücü inkaredilməzdir, onunla düzgün şəkildə davranmaq lazımdır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Sosial media günümüzün ən maraqlı və əyləncəli sahələrindən biridir. Buna görə də sosial sfera hər kəsin marağını cəlb etdi və qısa müddətdə məşhurlaşdı. Amma bu o demək deyil ki, hər kəs bu işi professional səviyyədə görə bilir. "Filankəs evində oturub "Youtube"dan pul qazanır deyə, mən də bu işə girişim" deyənlər heç vaxt uğur qazana bilməz" - Bu sözləri bizimlə söhbətində 17 yaşlı sosial media mütəxəssisi Samir Ağayev söylədi.   Müsahibim deyir ki, kompüterə olan marağı onu bu sahəyə gətirib çıxarıb: "Hələ uşaq vaxtlarımdan kompüter oyunlarına, kompüterin özünə böyük həvəsim var idi. O vaxtlar sosial şəbəkələrin bəziləri yox idi, bəziləri isə az tanınırdı. Sosial media vasitələri artdıqca və məşhurlaşdıqca, mənim də bu sahəyə marağım yaranmağa başladı. Hətta bu sahəyə marağım o qədər idi ki, günümün böyük hissəsini kompüter qarşısında keçirir, araşdırmalar edirdim. 2015-ci ildə - 13 yaşımda isə bu işlə məşğul olmağa qərar verdim".

"Bütün problemlərin öhdəsindən asanlıqla gəlməyi bacarıram"   Həmsöhbətim deyir ki, sosial media fəaliyyətinə  "Youtube"da kanal açmaqla start verib: "Məndən "Youtube"da kanal yaratmağımı istədilər. Beləcə, sosial media ilə professional şəkildə məşğul olmağa başladım. İlk vaxtlar sırf "Youtube"da kanallar hazırlayırdım. Daha sonra qərara gəldim ki, bu işi genişləndirmək, digər platformalara daşımaq lazımdır. Beləcə, sosial media meneceri olaraq bütün sosial media platformalarında işləməyə başladım. Əslində hər bir sosial medianın özünəməxsus xüsusiyyətləri,  çətin və asan tərəfləri var. Uzun müddətdir bu sahə ilə məşğul olduğuma görə, çətinlikləri arxada qoymuşam. İndi bütün problemlərin öhdəsindən asanlıqla gəlməyi bacarıram".

"Hər kəs özünü sosial media mütəxəssisi hesab edir"   Çalışdığı sahənin çox maraqlı və əyləncəli olduğunu söyləyən həmsöhbətim deyir ki, buna görə də sosial media hər kəsin marağını cəlb edir və qısa müddətdə məşhurlaşdı: "Amma bu o demək deyil ki, hər kəs bu işi professional səviyyədə görə bilir. "Filankəs evində oturub "Youtube"dan pul qazanır deyə, mən də bu işə girişim" deyənlər heç vaxt uğur qazana bilməz. Əgər marağın varsa, zamanla özünü təkmilləşdirə bilərsən. Dediyim kimi, bizdə sahənin təhsili olmadığına görə, mütləq özün araşdırmalı və daim öyrənməlisən. Bəzən hətta sosial media sahəsini İT sektoru ilə səhv salırlar. Amma İT-nin sosial mediada tətbiq olunan funksiyaları var. Bəzi böyük şirkətlərin rəhbərləri isə sosial mediaya əlavə xərc kimi baxırlar. Elə bilirlər ki, hamı sosial media işlərini apara bilər. Amma bu sahənin öz xüsusiyyətləri var. Təəssüf ki, indi hər kəs özünü sosial media mütəxəssisi hesab edir. Süni şəkildə izləyici əldə etməklə sosial media mütəxəssisi olmaq mümkün deyil, bunu hər kəs adi proqramla da edə bilər. Əslində, sosial medianın təklif etdiyi xidmətlər daha fərqlidir və biz ondan düzgün istifadə etməyi bacarmırıq. Sui-istifadə edərək şirkətləri, tanınmış insanları aldadanlar heç də az deyil. Bu, elə bir sahədir ki, insanları aldatmaq həm asan, həm də rahatdır. Dəfələrlə belə halların şahidi olmuşuq".

"Öz adını brend kimi tanıtmaq daha yaxşıdır"   Müsahibim hazırda fərdi şəkildə fəaliyyət göstərsə də, deyir ki, komanda daxilində işləmək daha rahat və faydalıdır: "Çünki belə olduqda iş bölgüsü aparılır. Bu mənada sərbəst olaraq işləyənlərin üzərinə böyük yükü düşür. Ona görə, komanda ilə işləmək daha yaxşıdır. Amma mən sərbəstliyi sevdiyimə görə, tək fəaliyyət göstərməyi üstün tuturam. Kiməsə qarşı cavabdehlik daşımaq mənə görə deyil. Həm də düşünürəm ki, hansısa şirkət daxilində tanınmaqdansa, öz adını brend kimi tanıtmaq daha yaxşıdır. Çətin olsa da, öz adını brend etmək mənə görə daha üstündür. Belə olan halda, şirkətə yox, sənin özünə etibar edirlər".   "Sərbəst rejimlə işləmək qrafiklə işləməkdən daha çətindir"   Gənc mütəxəssisdən çalışdığı sahənin çətin və asan tərəflərini soruşduq: "Bəzən bir problemi aradan qaldırmaq üçün günlərlə yuxusuz qalırıq. Hərdən də elə olur ki, gecə saat 2-də zəng vurub səndən nə isə tələb edirlər. Yəni bizim konkret iş vaxtımız yoxdur. Günün istənilən saatı gələn zənglərə və mesajlara cavab vermək məcburiyyətindəyik. İşin yeganə yorucu tərəfi budur. Amma işi bitirib təhvil verdikdən sonra yaxşı nəticə əldə edirsənsə, bu, çəkdiyin bütün əziyyətlərə dəyir. Əslində sərbəst rejimlə işləmək qrafiklə işləməkdən daha çətindir. Çünki sən öz vaxtını özün təyin etməli, düzgün planlaşdırma aparmalısan. Buna görə də iki dəfə daha artıq məsuliyyətli olmaq məcburiyyətindəsən. Hər işin təhvil müddəti fərqli olur. Yəni bir saata və bir neçə günə təhvil verə bilərsən. Həmçinin hər bir platformanın öz xüsusiyyətləri var. Hazırda "İnstaqram" və "Facebook" digər sosial medialara nisbətən daha asandır. Çünki onların təklif etdiyi xidmətlər əlverişlidir".


Xəbərə aid fotolar