Nazir: “Kəmər və Yol Enerji Tərəfdaşlığı” bu layihədə təmsil olunan hər bir ölkəyə enerji sektorunda fayda gətirəcək (FOTO)


Digərləri 25 Apr 2019 13:28:00 171 0

Nazir: “Kəmər və Yol Enerji Tərəfdaşlığı” bu layihədə təmsil olunan hər bir ölkəyə enerji sektorunda fayda gətirəcək (FOTO)

Energetika naziri Pərviz Şahbazov Çində “Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində keçirilən “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nın inauqurasiya mərasimində iştirak edib.

Bakı. Energetika naziri Pərviz Şahbazov Çində “Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində keçirilən “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nın inauqurasiya mərasimində iştirak edib. Energertika Nazirliyindən Trend-ə verilən məlumata görə, Pərviz Şahbazov çıxışında “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nı qlobal əməkdaşlıq platforması kimi qiymətləndirib və bu yeni əməkdaşlıq modelinin böyük miqyasda enerji resurslarını, infrastrukturu, texnologiyaları, investisiya imkanlarını əhatə etdiyini deyib: “Biz bu əməkdaşlığı hər kəsin malik olduğu imkanların, təcrübələrin, xoş məramın təqdim edildiyi və hər kəsin də lazımi ehtiyaclarını ödəyə bildiyi bir platforma kimi təsəvvür edirik. Bu gün bu, bir həqiqətdir ki, güclü, səmərəli və qarşılıqlı maraqlara əsaslanmayan əməkdaşlıq olmadan yalnız enerji imkanları hesabına ayrı-ayrılıqda uğur qazanmaq mümkün deyildir. İnanırıq ki, “Kəmər və Yol Enerji Tərəfdaşlığı” bu layihədə təmsil olunan hər bir ölkəyə enerji sektorunda fayda gətirən uğurlu əməkdaşlıq modeli olacaq”. Energetika naziri mühüm nəqliyyat, logistika və enerji mərkəzinə çevrilən, enerji-kommunikasiya layihələri ilə beynəlxalq əməkdaşlığa töhfə verən Azərbaycanın “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsündə iştirakından da bəhs edib. “İpək Yolu İqtisadi Kəməri”nə xidmət edən layihələrin reallaşmasında ölkənin enerji siyasətinin rolunu diqqətə çatdırıb. İpək Yolu dəhlizinin enerji komponentini təşkil edən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində TANAP və TAP qaz kəmərləri böyük bir coğrafiyada enerji təhlükəsizliyinin təminatına, sosial rifaha, qarşılıqlı faydalı əməkdaşlığa töhfə verən nümunələr kimi qeyd edilib. Energetika naziri Pərviz Şahbazov “İnfrastruktur əlaqələri” mövzusuna həsr olunmuş sessiyada da çıxış edib. Nazir Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutu - Bakı-Tbilisi-Qars dəmiryolu, Xəzər dənizində 25 milyon tona qədər yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətini təmin edən digər infrastruktur layihələri, eləcə də neft-qaz kəmərləri barəsində ətraflı məlumat verib. Bu infrastruktur əlaqələrinin “Kəmər və Yol” ölkələri ilə çoxşaxəli və davamlı əməkdaşlığa imkan yaratdığını bildirib: “İnfrastruktur olmadan enerji resurslarından böyük faydalar əldə etmək mümkün deyil. Təcrübədə görürük ki, infrastrukturun yoxluğu səbəbindən karbohidrogen ehtiyatlarının həcminə görə dünyada ön sıralarda gələn bəzi ölkələrdə bu resurslar yalnız ehtiyat olaraq qalmaqdadır. Azərbaycanın açıq dənizlərə birbaşa çıxışı yoxdur. Amma Xəzər regionundan karbohidrogen ehtiyatlarını dünya bazarlarına nəql edən neft-qaz infrastrukturunun yaradılması, enerji layihələri ilə dənizləri, regionları və qitələri birləşdirmək missiyası məhz onun adı ilə bağlıdır”.