Uber 1 milyard dollar investisiya əldə edəcək


Digərləri 25 Apr 2019 08:35:00 250 0

Uber 1 milyard dollar investisiya əldə edəcək

Uber şirkəti özünün pilotuz avtomobillər texnologiyası ilə məşğul olan Uber Advanced Technologies şöbəsinə 1 milyard dollar dəyərində investisiyanın yatırılması üzrə yaponiyalı investorlarla razılığa gəlib. Bu barədə Reuters saytına istinadən Vc.ru saytı xəbər verib. İnvestorlar qismində SoftBank holdinqi, Toyota şirkəti və avtomobil hissələrinin istehsalı ilə məşğul olan Denso şirkəti çıxış ediblər. Bu şirkətlərdən hər biri investisiya raundunda təqribi olaraq 333 milyon dollar investisiya yatıracaqlar. İnvestorlar Uber Advanced Technologies şöbəsini 7.25 milyard dollar dəyərində qiymətləndiriblər.

Son.az technote.az-a istinadən bildirir ki, SoftBank holdinqi ilə Toyota şirkəti artıq uzun müddətdir ki, Uber-in əsas biznesinin investorları qismində çıxış edirlər. Bu müqavilə onu göstərir ki, Uber özünün bahalı layihələri üçün xarici investorları cəlb edə bilir. Öz IPO-nun keçirilməsi üçün sorğunu göndərən zaman Uber həmin sorğuda xəbərdarlıq etmişdi ki, pilotsuz avtomobillər texnologiyasının yaradılması çox bahalı, qəliz prosesdir və nəticədə heç bir uğura nail olunmaya bilər. 2018-ci ildə şirkət bu sahədəki tədqiqatlarına 457 milyon dollar xərcləmişdi. 2016-cı ildə işə salınmış bu proqramın ümumi xərcləri isə 1 milyard dolları keçir.