Bu abituriyentlər qəbul imtahanının növbəti mərhələsində iştirak edə bilməyəcəklər


Digərləri 24 Apr 2019 15:14:00 213 0

Bu abituriyentlər qəbul imtahanının növbəti mərhələsində iştirak edə bilməyəcəklər

"Əvvəlki illərin məzunları, xüsusilə I, IV ixtisas qrupuna qəbul olmaq istəyənlər imtahanın birinci mərhələsində iştirak etməlidirlər. Əgər onlar bu imtahanda iştirak etməsələr, onda qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar. Çünki ikinci mərhələdə iştirak etməyən abituriyent müsabiqəyə buraxılmır".

Son.az xəbər verir ki, bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, abituriyentlər imtahana gələrkən sənədləri ilə bağlı da diqqətli olmalıdırlar:

"Mütləq şəxsiyyət vəsiqəsinin əsli olmalıdır. Bəzən görürük ki, onlar imtahana şəxsiyyət vəsiqələrinin sürətini gətirirlər. Şəxsiyyət vəsiqəsinin əsli, imtahana buraxılış vərəqəsi onların mütləq üzərində olmalıdır".

X.Xanlarzadə qeyd edib ki, imtahana vaxtında gəlmək vacibdir:

"İmtahan saat 11-də başlayır. Amma imtahana buraxılış vərəqəsinin üzərində imtahana gəlmək vaxtı neçə göstərilibsə, həmin vaxt gəlmək vacibdir. Çünki imtahanın başlamasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Burda abituriyentlərin dinləmə bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayır. Ona görə də sakitliyin təmin olunması üçün imtahanın başlamasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır".