Orxan Pamuk. Allaha ehtiyac hiss edənlər və etməyənlər


Digərləri 23 Apr 2019 22:15:00 229 0

Orxan Pamuk. Allaha ehtiyac hiss edənlər və etməyənlər

Son.az bilge.az-a istinadən Orxan Pamukun "İstanbul: xatirələr və şəhər" kitabından bir hissəni təqdim edir  

On yaşıma qədər ağlımda çox qabarıq bir Allah xəyalı gəzdirdim: üzü qeyri-müəyyən, həddindən artıq yaşlı, ağ çarşabda çox möhtərəm qadın görüntüsü idi bu. İnsana bənzəməsinə baxmayaraq, bu görüntü xəyallarımdakı başqa insanlar kimi, küçədə rast gələcəyim hər hansı biri kimi göz önümdə peyda olmazdı. Çünki baş aşağı və bir az da çəpəki dayanardı. Beynimə bir az maraq, bir az da huşu içərisində ilişincə, ağlımdakı bütün görüntülər arxaya doğru gedir, obraz da, bəzi reklam filmlərində, yaxud da film başlıq titrlərində olduğu kimi, öz ətrafında zərafətlə bir-iki dəfə dövrə vurduqdan sonra bir qədər kəskinləşir, bir az da yuxarılara, aid olduğu yerə, buludların arasına çıxırdı.

Ağ çarşabının qırçınları, tarix kitablarında şəkillərini gördüyüm bəzi heykəllərdəki kimi çox yaxşı işlənmişdi. Əli, qolu, gövdəsinin heç bir yeri görünməyən bu xəyal göz önümdə peyda olduqca, çox güclü, çox hörmətli və uca bir varlığın beynimə düşdüyünü hiss edərdim, amma ondan çox da qorxmazdım. Günahkar olduğuma heç inanmadığım və ya süddən çıxmış ağ qaşıq olduğumu düşündüyüm üçün yox, bu uzaq və vacib varlığın mənim absurd xəyallarım və günahlarımla maraqlanmayacağını hiss etdiyim üçün. Onu nə vaxtsa köməyə çağırdığımı, ondan nəsə istədiyimi də xatırlamıram. Çünki mənim kimilərlə deyil, yoxsullarla bağlı olduğunu artıqlamasıyla dərk edirdim.

Bizim evdə bu obrazla sadəcə xidmətçilər, aşpazlar maraqlanırdı. Allahın yalnız yoxsullarla deyil, evdəki adamların hamısı ilə bağlı olduğunu, ən azından vəziyyətin nəzəri olaraq belə olması gərəkdiyini hiss edərdim bir az, amma biz ona ehtiyac duymayacaq qədər bəxtli idik. O canı yananların, uşaqlarını oxuda bilməyəcək qədər yoxsul olanların, onun adını ağızlarından heç əskik etməyən küçədəki dilənçilərin və başı bəlada olan saf və yaxşıların köməkçisi idi. Anam bu səbəbdən radio qar fırtınasında yolları kəsilmiş uzaq kəndlərdən yaxud hansısa zəlzələdə yersiz-yurdsuz qalan yoxsullardan bəhs edərkən, "Allah onlara kömək olsun!" deyərdi. Bu söz həmin diləyin yerinə yetməsindən daha çox, vəziyyətimiz yaxşı olduğu üçün o an hiss etdiyimiz müvəqqəti günah hissi ilə, çətinlikdə olanlara elə bir yardım edə bilməməyin verdiyi boşluq hissini ötürmək üçün istifadə olunurdu.

Onsuz da xəyalımdakı o ağ örtüklü qoca və mülayim varlığın bizim arzularımıza qulaq asmayacağını da hesab-kitaba, riyaziyyata açıq məntiqimizlə bilirdik. Çünki Onun üçün heç nə etmirdik. Halbuki evdəki aşpazlar, xidmətçilər və tanış digər bütün yoxsullar Allahla əlaqəyə girmək üçün hər fürsəti işgüzarlıqla qiymətləndirir, ildə bir ay oruc tutur, bizim Əsma Xanım bizə xidmət etməkdən qalan boş vaxtlarında, kiçik otağına səccadəsini sərib namaz qılır, sevinc, kədər, səadət, qorxu və qəzəb dəqiqələrində, hətta bəzən qapını açarkən, bağlarkən, bir işi ilk dəfə yaxud da son dəfə görərkən və bir çox başqa fürsətdə Onu xatırlayır, adını anaraq nələrsə pıçıldayırdı.

Yoxsulların, çarəsizlərin Allahla qurduğu bu israrlı əlaqə onların köməyə möhtac olduğunu xatırlatmaqdan uzağa getmədiyi vaxtlarda məni və evdəkiləri çox da narahat etməzdi. Hətta bizdən başqalarına da güvəndikləri, beləliklə "yüklərini daşıyacaq" başqa bir güc olduğu üçün rahatlaşdığımız da deyilə bilər. Amma bu rahatlıq, Allahı, bizim kimi olmayanların bir gün bizə qarşı istifadə edəcəkləri güc, ya da ən azından qısqanclıq məsələsinə çevirərək bizləri bəzən narahat da edirdi.

Daxili sıxıntıdan ziyadə maraqdan, qoca xidmətçi namaz qılarkən bir neçə dəfə diqqətlə seyr etdiyimi və bənzər narahatlığa qapıldığımı xatırlayıram. Qapı arasından baxan mənə görə, eynilə başımdakı Allah xəyalı kimi, baş aşağı və çəpəki dayanmış Əsma Xanımın səccadəsinin üstündə ağır-ağır əyilib qalxması, alnını səcdəyə aparması, əyilib qalxarkən etdiyi hərəkətlərin birdən yavaşlaması, mənə yalvarış, öz həddini bilmə jestləri kimi görünür, səbəbini tam başa düşmədiyim hirsli narahatlıq verirdi. Evdə heç kəs olmadığı və iş görülmədiyi vaxt qılınan bu namaz əsnasında, kölgəli otağı bürüyən və arada bir dua pıçıltıları ilə pozulan səssizlik də məni hiddətləndirərdi. Pəncərənin şüşəsində ağır-ağır irəliləyən bir milçəyə ilişirdi gözüm. Milçək arxası üstə düşür, qalxmaq istəyərkən təlaşla çırpınan yarı şəffaf qanadlarının vızıltısı Əsmə Xanımın dua pıçıltısına qarışanda bu sinirləndirici oyunu pozmaq istəyər, qadının baş örtüyünü çəkərdim.

Namaza müdaxilə etməyin, onu "pozacağını" daha əvvəlki təcrübələrimdən bilirdim. Yaşlı qadın namazını pozulmadan bitirmək üçün bütün iradəsini istifadə edərək heç nə olmamış kimi duaya davam edərkən, ağlım bir tərəfdən onun gördüyü işin süni, oyun tərəfinə ilişir (çünki indi yalnız namaz qılırmış kimi hərəkət edirdi), bir tərəfdən də ruhi gücünü gördüyü işə tamamilə həsr etmək qətiyyətinə için-için hirslənər və onunla bir iradə savaşına girərdim. Məni hər zaman çox sevən, hər fürsətdə qucağına alıb oxşayan, küçədə məni çox sevimli görən əcnəbilərə "nəvəm" deyə tanıdan bu qadınla aramıza Allahın girməsi, eynilə aşırı dindarlardan bütün ailənin narahat olması kimi narahat edirdi məni.

Yenə də namazına davam edə bilmək üçün göstərdiyi qətiyyətə hörmət edir, bizdən kənardakı başqa bir varlığa göstərdiyi bu bağlılıqdan narahat olub qorxardım.

Hiss etdiyim qorxu, türk dünyəvi burjuaziyasında hər zaman olduğu kimi, Allahdan qorxmaq yox, Allaha çox inananların qəzəbindən qorxmaq idi.