Süd həqiqətən də sümükləri bərkidirmi?


Digərləri 23 Apr 2019 21:08:00 222 0

Süd həqiqətən də sümükləri bərkidirmi?

Sümükləri bərkitmək üçün süd içməli olduğumuzu biz hələ kiçik yaşlarda eşidirik.

Süddə bol kalsium var. Kalsium isə sümük yoğunluğu üçün lazım olan minerallardan biri kimi tanınır.

Ancaq çox süd içməklə sümüklərin bərkiməsi arasında əlaqə olduğunu sübut etmək o qədər də asan deyil.

Bunun üçün iki böyük qrupda araşdırma aparıb birinə uzun illər boyu bol miqdarda süd içirtməli, digərinə isə süd görünümlü plasebo içkilər verilməlidir. Ancaq bu, praktik baxımdan çətin təcrübədir.

Ona görə də başqa variantdan istifadə etmək daha doğru hesab edilir: məsələn, minlərlə insandan əvvəllər hansı tezliklə süd içdiklərini soruşmaq, sonrakı 10 ildə nizamlı şəkildə süd içənlərdə daha az sümük qırılması hallarının olub-olmadığını təsbit etmək.

Belə bir araşdırma 1997-ci ildə Amerikanın Harvard Universitetinin mütəxəssisləri tərəfindən aparıb. 10 il ərzində 77 min tibb bacısının süd qəbul qrafikinə və bunun nəticələrinə nəzarət edilib. Məlum olub ki, həftədə bir stəkan süd içənlərlə iki və daha artıq stəkan süd içənlər arasındakı qol və ayaq qırılmaları hallarının sayında ciddi bir fərq yoxdur.

İki illik təsir

Həmin qrupun 330 min kişi arasında apardığı araşdırmada da oxşar nəticələr əldə edilib.

2015-ci ildə bununla bağlı Yeni Zelandiyada 15 fərqli təcrübə həyata keçirilib. Alınan nəticələrin ortaya çıxardığı fakt budur ki, süd içmək də daxil, kalsium ağırlıqlı qidalanmanın sümüklərdəki kalsium artımına təsiri ancaq iki il çəkir.

Bu mineralın bədəndəki miqdarını həm də xüsusi həblər qəbul etməklə çoxaltmaq mümkündür. Ancaq uzun müddət qəbul etmək orqanizm üçün zərərlidir.

Yeni Zelandiyalı mütəxəssislər digər 51 araşdırmanın nəticələrini analiz edərək bu qənaətə gəliblər ki, həblər vasitəsilə qəbul edilən kalsium artımı da ancaq 1-2 il ərzində davam edir.

Kalsium qəbulu yaşla bağlı sümük əriməsini durdurmur, sadəcə sürətini azaldır. Sümüklərdə sınma halları statistikasını analiz edən qrup bu azalmanın həcmcə çox kiçik olduğunu aşkar edib.

Pəhrizimizdə südü fərqli formalarda istifadə edə bilərik.