Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 96cı ildönümünə həsr olunan tədbir keçirilib FOTO


Digərləri 23 Apr 2019 17:05:00 227 0

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 96cı ildönümünə həsr olunan tədbir keçirilib  FOTO

Bu gün AMEA-nın əsas binasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunan "Alim qadın - Böyük ana akademik Zərifə Əliyeva" adlı tədbir keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb.

O, oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən söz açıb.

Bildirib ki, Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım mənalı ömür yolu keçib. O, görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb və atasının ömür yolu Zərifə xanım üçün əsl həyat məktəbi olub.

"Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir" deyən AMEA-nın vitse-prezidenti onun həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün mənəviyyat dərsi, kamillik məktəbi olduğunu vurğulayıb.

O qeyd edib ki, əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi başlayan görkəmli alim bütün ömrünü oftalmologiyaya həsr edib, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

İ.Həbibbəyli bildirib ki, akademik Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır. Oftalmoloq alim peşəkarlığı, istedadı ilə yanaşı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini və məhəbbətini qazanıb.

Zərifə xanımın həm də görkəmli ictimai xadim olduğunu diqqətə çatdıran İ.Həbibbəyli onun keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, həmçinin Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olduğunu, "Əməkdar elm xadimi" fəxri adına layiq görüldüyünü bildirib.

AMEA-nın vitse-prezidenti vurğulayıb ki, Zərifə Əliyeva Azərbaycana İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaq: "Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Akademik Zərifə Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən silinməyəcək".

Sonra İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək bildirib ki, Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar.

AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə isə qeyd edib ki, Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

R.Mirzəzadə vurğulayıb ki, Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Gözəl bir ailədə doğulan Zərifə Əliyeva çox qayğıkeş ana olub və ölkəmizə layiqli övladlar yetişdirib.

Tədbirdə millət vəkili, siyasi elmlər doktoru, dosent Qənirə Paşayeva da çıxış edərək görkəmli oftalmoloq alim Zərifə Əliyeva ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşmişdi:


Xəbərə aid fotolar