Kilsələrdə terrora etiraz edən Azərbaycanın müsəlman gənclərindən nümunəvi addım FOTO


Digərləri 23 Apr 2019 16:57:00 212 0

Kilsələrdə terrora etiraz edən Azərbaycanın müsəlman gənclərindən nümunəvi addım  FOTO

Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Həzrət Məryəmin Məsum Hamiləliyi Kilsəsinə gediblər. İcma üzvləri Şri-Lankadakı kilsələrə terror hücumları fonunda xristianlarla həmdərd və bir olduğunu nümayiş etdiriblər. Müsəlman gənclər kilsənin qarşısında Həzrət Məryəm heykəlinin önünə güllər qoyub, kədər sözlərini yazıblar. 

Son.az xəbər verir ki, icma nümayəndələri kilsənin ruhanisi yepiskop Vladimir Fekete ilə görüşərək başsağlığı veriblər. Bildirilib ki, baş verən terror aktı yalnız xristianlara qarşı deyil, qəlbində Allaha inam və sevgi olan hər kəsə qarşı törədilib. Bu ağır günlərdə inanclı insanlar, dinindən asılı olmayaraq bir birinin yanında olmalı və insanlığı qardaş qırğınına sürükləyənlərin müqabilində vəhtət nümayiş etdirməlidirlər. Azərbaycanda müsəlmanlarla xristianlar hər zaman sülh və qardaşlıq mühitində yaşayıblar, bundan sonra da belə olacaq. Məscid nümayəndəsi deyib: "Dünyanın hər harasında bir kilsəyə hücum olursa, bunu öz məscidimizə hücüm kimi dəyərləndiririk. Bu gün icmanızın simasında Kolombodakı terror qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verməyə gəlmişik. Bu hamımızın acısıdır".  Öz növbəsində Azərbaycan katolik icmasının rəhbəri yepiskop Vladimir Fedeke təşəbbüsə görə müsəlmanlara təşəkkür edib. Onun sözlərinə görə, bu cinayətin Tanrı adına edilməsi daha da acınacaqlıdır və müxtəlif din nümayəndələrinin birliyi olduqca mühümdür.

Sonda terror qurbanları bir dəqiqəlik sükutla yad edilib, onların ruhlarına birgə dualar oxunub.