Tanınmış azərbaycanlını evinin yaxınlığında döydülər


Digərləri 23 Apr 2019 14:14:00 221 0

Tanınmış azərbaycanlını evinin yaxınlığında döydülər

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlunun döyüldüyü barədə məlumat vermişdik.

Son.az xəbər verir ki, Saşa başına gələn xoşagəlməz hadisə ilə bağlı açıqlama verib.

34 yaşlı futbolçu hadisənin təfərrüatı barədə bunları deyib:

"Təəssüflər olsun ki, haqqımda yayılan "son xəbərlər" hardasa doğrudur. Hadisə belə olmuşdu. Şənbə günü, axşam saatlarında yaşadığım evin yaxınlığındakı mağazadan alış-veriş etmək üçün maşını saxladım, park etdikdən sonra maşından düşüb kurtkamı geyinmək istərkən iki nəfər mənim yanımdan keçirdı. Qaranlıq olduğundan sifətlərini görmədim. Biri mənə nəsə dedi və maşınımın yanına keçdi, o biri isə qarşımda dayandı. Bu vaxt boynumdan küt bir zərbə hiss etdim, səndələdim, geri dönmək istədikdə isə qarşımda dayanan mənə tərəf təpik atdı və əlimdəki pul kisəsini əlimdən qapmağa çalışdı. Mən də müqavimət göstərməyə çalışdım, bu vaxt bizə tərəf gələn bir maşının işıqları üstümüzə düşüncə hərəsi bir tərəfə qaçıb uzaqlaşdılar. Ciddi bir xəsarət almadım, heç yerə müraciət etmədim və heç kəsdən də şikayətçi olmadım. Nə etmək olar, bu həyatdır. Arayıb maraqlandıqları üçün hər kəsə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bir də belə şeylər başıma gəlməz, inşallah! Çünki, cəmiyyətimizdə idmançılara qarşı bir qarşılıqlı sayğı vardır".