Tarixin ibrət dərsləri...


Digərləri 22 Apr 2019 14:44:00 413 0

Tarixin ibrət dərsləri...

Son.az palitranews.az-a istinadən Tarix üzrə fəlsəfə doktoru Namiq Əliyevin yazısını təqdim edir.

Başqa dövlətlərin daxili işlərinə qarışmaq, onları asılı hala salmaq, özlərinə sərf edən, maraqlarına cavab verən şəxsləri hakimiyyətə gətirmək siyasəti erkən dövlət qurumları yaranan vaxtdan mövcud olub. Ən qədim dövlətimiz olan Manna müəyyən vaxtlarda hərbi baxımdan güclü olan qonşu dövlətlərin təzyiqi altında olmuşdu. Assuriya və Urartu dövlətləri Manna uğrunda rəqabət aparır və hər biri çalışırdı ki, məhz ona meyil edən şəxs hökmdar olsun. Manna canişinlərinin bir qismi Assuriyaya, digər qismi isə Urartuya meyil etməklə, daxili gərginlik və qarşıdurma yaradırdılar. Nəticədə də mərkəzi hakimiyyət zəifləyir, xarici təzyiqlərə kifayət qədər müqavimət göstərə bilmirdi, xalqın da qazancının bir hissəsi xərac kimi yadelli məmləkətlərə gedirdi.

Orta əsrlərdə daxili çəkişmələr və qarşıdurmaların ən sərt forması xanlıqlar dövrünə təsadüf etdi. Bir-biriləri ilə dil tapa bilməyən və birləşməyi bacarmayan xanların "fəaliyyətlərinin" son nəticəsi də Azərbaycan xalqına bəllidir. Xanlar hər şeylərini- hakimiyyətlərini, mülklərini, torpaqlarını, sərvətlərini itirdilər və xalqı da saldılar müstəmləkə əsarəti altına...

Qonşu dövlətlərin tarixi təcrübəsinə nəzər salsaq, görərik ki, onlarda da daxili qarşıdurma və didişmələr ağır fəsadlar verib. Ötən əsrin əvvəllərində Osmanlı imperiyasında yaşananları, "Gənc türklər" hərəkatını bir vaxtlar inqilabi hadisələr kimi bizə təqdim edirdilər. İndi aydın olur ki, baş verənlər xalq inqilabı yox, xarici güclərin məharətlə, olduqca incəliklə hazırladığı "rəngli inqilab" imiş. Bəs nəticəsi nə oldu? Osmanlı dövlətini I Dünya müharibəsinin alovları içərisinə atdılar və imperiya darmadağın oldu. Sonda da üç qitəni əhatə edən Osmanlı imperiyasından Türkiyəyə cəmi 783 min kvadrat kilomet ərazi qaldı. Ən acınacaqlısı isə o oldu ki, Məkkədən Mosuladək olan neftlə zəngin torpaqlar əldən çıxdı.