Rusiyanin qaz şəbəkəsi avropani əlinə alib


Digərləri 20 Apr 2019 20:05:00 262 0

Rusiyanin qaz şəbəkəsi avropani əlinə alib

Vaşiqnton Yaxın Şərqdə təsirinin azalması ilə barışmağa çalışır, Moskva isə, əksinə, uzunmüddətli iştirakın təməlini qoyur. Türkiyə, İraq, Livan və Suriyada boru kəmərlərini və axtarış-kəşfiyyat işlərini alan Rusiya Yaxın Şərq vasitəsilə Avropaya enerji körpüsü tikir. Eyni zamanda Moskva Avropanın əsas qaz tədarükçüsü rolunu möhkəmlədəcək, ABŞ və Avropanın maraqlarına ciddi təhlükə yaradaraq Yaxın Şərqdəki təsirini genişlədəcək. Demokratiyanın Müdafiə Fondunun analitiki Varşa Koduvayur (Varsha Koduvayur) və korporativ hüquq üzrə ekspert Qreq Everet (Greg Everett) "Foreign Policy" nəşrində dərc olunan məqalədə yazırlar.

Məqalədə deyilir ki, yeni şəbəkədə Türkiyəyə mühüm tranzit rolu ayrılıb. Rusiyanın "Qazprom" şirkəti Türkiyə və Bolqarıstandan keçən "Mavi axın" boru kəmərini artıq istismar edir və bu kəmər vasitəsilə Moskvadan qazın təxminən 6%-i Avropaya idxal olunur. İkinci boru kəməri "Türk axını"nın ilin sonunadək işə düşəcəyi gözlənilir. Bu xətlə qazın 14%-i Türkiyə və Yunanıstandan keçməklə Moskvadan Avropaya tədarük olunacaq. Bu iki boru kəməri "Şimal axını - 2" qaz kəmərini tamamlayacaq. Bu xətlər üçlükdə nəinki Avropanın rus qazından asılılığını artıracaq, eyni zamanda ABŞ ilə AB arasında daha dərin nifaqa səbəb olacaq.

Son.az xpressa.net-ə istinadən bildirir ki, yeni şəbəkənin digər hissəsi yarımuxtar İraq Kürdistanından keçəcək və Avropaya ixrac edilmək üçün Türkiyənin qaz şəbəkəsinə qoşulacaq. Moskvanı Ərbildən ayırmağa çalışan Bağdad Kirkuk neft yatağından Türkiyə sərhədinədək uzanan yeni boru kəmərinin tikintisinə tenderlə bağlı "Rosneft" şirkəti ilə danışıqlara başlayıb. Yeni boru kəməri İraq-İŞİD müharibəsində dağılan əvvəlki kəməri əvəzləyəcək.

Müəlliflər xatırladır ki, hələ 2017-ci ilin yanvarında Rusiya Suriyada neft və qaz hasilatına müstəsna hüquq əldə edib. Suriyada sübuta yetirilmiş neft ehtiyatları 2,5 milyard barel (dünya ehtiyatının sadəcə 0,2%-i) təşkil edir, ölkənin qaz ehtiyatları isə daxili tələbatı ödəmir. Lakin Suriyanın Moskva üçün başlıca dəyəri ölkənin ixracda nəqliyyat qovşağı kimi istifadə edilməsidir.

Moskvanın Livana marağının da Suriya tərəfi var. Rusiya ABŞ-ın regiondakı təsirini məhdudlaşdırmaq  məqsədilə həyata keçirdiyi səylər çərçivəsində Livanla ticarət əlaqələrini dərindləşdirib.