İlahiyyat İnstitutu Bərdədə abituriyentlərlə görüş təşkil edib


Digərləri 19 Apr 2019 20:32:16 202 0

İlahiyyat İnstitutu Bərdədə abituriyentlərlə görüş təşkil edib

İnstitutun növbəti səfəri Bərdə rayonuna olub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Bərdə rayonuna olub. İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, Bərdə Rayon İcra Hakimiyyətiinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Asif Abbasov görüş iştirakçılarını salamladıqdan sonra bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Vurğulayıb ki, təhsillə bağlı dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi Azərbaycanın gələcək inkişafı üçün atılan mühüm addımlardandır. Bu sahədə görülən genişmiqyaslı işlər ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə gətirib çıxarır. İnstitut haqqında məlumat verən Aİİ İlahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradıldığını qeyd edib. Kövsər Tağıyev çıxışında ali təhsil müəssisəsinin tədris prosesi, tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında geniş məruzə ilə çıxış edib.