İki güləşçimiz liderliyə yüksəldi – yeni REYTİNQ


Digərləri 19 Apr 2019 16:56:33 181 0

İki güləşçimiz liderliyə yüksəldi – yeni REYTİNQ

Dünya Güləş Birliyi (UWW) ötən həftə Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatının yekunlarına əsasən reytinq siyahısını yeniləyib.

Bakı. Dünya Güləş Birliyi (UWW) ötən həftə Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatının yekunlarına əsasən reytinq siyahısını yeniləyib. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləşçilərin siyahısında müxtəlif çəkilər üzrə ilk “20-lik”də 11 yığma üzvü yer alıb. Buxarestdə 8 illik fasilədən sonra 3-cü Avropa çempionluğunu qeyd edən Cəbrayıl Həsənov (79 kq) xalını 60-a çatdırıb və indi onunla eyni xala malik amerikalı dünya çempionu Kayl Daykla 1-2-ci yerləri bölüşür. Qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan daha 2 sərbəst güləşçimiz - Hacı Əliyev (65 kq) və Şərif Şərifov (92 kq) da reytinqdə irəliləyib. Hacı 22 xalla 8-ci, Şərif isə 20 xalla 11-ci pillədə qərarlaşıb. 57 kq-da ilk “20-lik”də iki güləşçimiz var. Ötən il Kaspiyskdə Avropa çempionu olan Georgi Edişeraşvili aktivindəki 18 xalla ilk “10-luğ”u qapayır. Ondan 2 xal geri qalan son Avropa çempionatının bürünc medalçısı Mahir Əmiraslanov isə 15-ci yerə yüksəlib. Buxarestdən gümüş medalla qayıdan Ağahüseyn Mustafayev (70 kq) 18 xalla 11-ci pilləyə irəliləyib.