Ramil Usubov: "Təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı üzrə tədbirlər gücləndirilməlidir"


Digərləri 17 Apr 2019 17:21:00 232 0

Ramil Usubov: "Təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı üzrə tədbirlər gücləndirilməlidir"

Aprelin 17-də Daxili İşlər Nazirliyində "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı", "İctimai yerlərdə baş verən cinayətlərin profilaktikası" və "Şəxsi heyətin peşə hazırlığının təşkili" sahələrində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin əməliyyat-xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, habelə insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Son illər ölkədə uğurla həyata keçirilən islahatlar, quruculuq işləri və hüquq mühafizə siyasəti çərçivəsində daxili işlər orqanlarında da fəaliyyətin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi üzrə əhəmiyyətli işlər görüldüyünü, qarşıda duran vəzifələri yerinə yetirməyə qadir olan peşəkar kadr özəyinin formalaşdırıldığını diqqətə çatdırıb.

Sonra gündəlikdəki məsələlər barədə məruzə ilə çıxış edən Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov və Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov müzakirə olunan məsələlərlə bağlı respublikanın daxili işlər orqanları tərəfindən görülən işləri, xidməti fəaliyyətdə əldə olunmuş nəticələri, mövcud olmuş nöqsan və çatışmazlıqları diqqətə çatdıraraq onların aradan qaldırılması yollarından və qarşıda duran vəzifələrdən danışıblar.

Məruzələr ətrafında çıxış edən bir sıra şəhər, rayon polis orqanlarının rəisləri gündəlikdəki məsələlər üzrə, həmçinin cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək iclasda səsləndirilən iradların tezliklə aradan qaldırılacağına söz veriblər.

İclasa yekun vuran daxili işlər naziri R.Usubov əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci rübündə də respublikada cinayətkarlıqla mübarizədə, daxili təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması sahəsində əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirildiyini, bu işdə prokurorluq, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə birgə səmərəli fəaliyyətin mühüm rol oynadığını diqqətə çatdırıb.


Xəbərə aid fotolar