Azərbaycanda yük göndərənin və ekspeditorun məsuliyyəti artırılır


Digərləri 17 Apr 2019 07:52:00 229 0

Azərbaycanda yük göndərənin və ekspeditorun məsuliyyəti artırılır

Azərbaycanda yük göndərənin və ekspeditorun məsuliyyəti gücləndirilir. Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, Məcəllənin 851-ci maddəsinə (Yük göndərən və yük alan) "Daşıyıcı" anlayışı əlavə olunur: "Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir".

Yeni 853.1-1-ci maddədə bildirilir ki, yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir.

Dəyişikliyə əsasən, ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.