Dünyada qızılcaya yoluxma hallarının sayı 300 faiz artıb


Dünya 17 Apr 2019 07:14:00 237 0

Dünyada qızılcaya yoluxma hallarının sayı 300 faiz artıb

2019-cu ildə dünyada 112 min insan qızılca virusuna yoluxub. Dünya Səhiyyə Təşkilatının (DST) verdiyi məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 300 faiz çoxdur. Getdikcə daha çox insanı yoluxduran bu kəskin virusun kökü əslində peyvənd sayəsində çoxdan kəsilmiş olmalı idi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, epidemiyanın geniş yayılmasının bir sıra səbəbləri var. Dünyanın bir sıra bölgələrində maddi, səhiyyə və maariflənmə səviyyəsi peyvənd əldə edilməsi üçün əsas maneə sayılır. Kasıb ölkələrin bir çoxu üçün DST xüsusi proqramla vaksin göndərsə də, mövcud səhiyyə infrastrukturunun yarıtmazlığı epidemiyanın qarşısını almağı çətinləşdirir. Digər mühüm səbəb isə inkişaf etmiş ölkələrdə peyvənd əleyhdarlarının apardığı aktiv kampaniyaların xəstəliyin yayılmasına təkan verməsidir.

Buna görə də ötən ilin yanvar-mart aylarında dünyanın 170 ölkəsindən əldə edilmiş statistik göstəricilərdə yoluxma hallarının sayı 28 min nəfər olduğu halda, cari ilin ilk rübündə bu rəqəm 112 min nəfərə yüksəlib.