NotrDam Kilsəsinin alovu və Azərbaycandakı keşiş Klodlar


Dünya 16 Apr 2019 18:09:00 262 0

NotrDam Kilsəsinin alovu və Azərbaycandakı keşiş Klodlar

İki Dünya müharibəsindən sağ çıxan Paris Notr-Dam Kilsəsi bir aprel günündə yanğına təslim oldu və indi yəqin ki, ən çox ağlayan Viktor Hüqonun ruhudur. Çünki bu kilsə məhz onun qələmə almasından sonra bu qədər məşhurlaşdı və günümüzə qədər qorunaraq saxlanıldı. Lakin Fransanın gücü buna çatdı, dünya müharibələrindən qoruya bildikləri tarixi kilsəni yanğından xilas edə bilmədilər. Bu Fransa arxitekturasının tarixində kulminasiya nöqtəsi hesab oluna bilər və çox qəribədir ki, burada "Paris Notr-Dam Kilsəsi" əsərinin kulminasiya nöqtəsi ilə bənzərlik mövcuddur: hər ikisinin ehtiyacı su idi.

Əsərin kulminasiyasında gözəl Esmiralda kütlənin daşqalaq etdiyi qozbel Kvazimodaya öz kuzəsində su verir.

"Mənə su verdi" - 800 il sonra Paris Notr-Dam Kilsəsinin yanıb külə dönməsi fonunda Kvazimodanın bu sözləri yada düşür. Və bu dəfə nə Hüqo vardı, nə də Esmiralda... Paris Notr-Dam Kilsəsinə su verən tapılmadı, hətta əsrlərdir Sena çayının sahilində "yaşasa" da və 856 illik tarix külə çevrildi.

Bu, həm də onu sübut etdi ki, dünyada heç bir ölkə yanğın fəlakətindən sığortalanmayıb, hətta dünyanı viran qoyan iki böyük müharibədən sağ çıxmış, yanğına və digər təbii fəlakətlərə qarşı milyonlarla avronun xərcləndiyi Paris Notr-Dam Kilsəsi belə. Çünki yanğın dünyanın üç böyük fəlakətindən biridir və heç kim, heç bir ölkə bunu yaşamayacağını deyə bilməz, sadəcə önləyici tədbirlər görə bilər.

Bunu anlayan fransızlar yalnız bir sual verir: yanğının söndürülməsi üçün niyə helikopterlər, təyyarələr istifadə olunmayıb?

Milli Təhlükəsizlik Xidmətinin cavabı: bu cür yanğınlarda təyyarə və vertolyotlardan istifadə edilmir. Çünki onlar texniki baxımdan belə şəraitə adaptasiya edilməyib. Eyni zamanda, tonlarla suyun belə kövrək binalarda istifadəsi onların daha çox zərər çəkməsinə, hətta uçmasına səbəb ola bilər.

Və kədər içində olan xalq bu cavabla razılaşır, hər kəs həmrəylik göstərir, çünki yanan həm də onların mirasıdır.

Fransa xalqının yanaşması bütün xalqlar üçün təbii fəlakətlərə qarşı necə bir mövqenin sərgilənməsi baxımından nümunə hesab oluna bilər. Hərçənd, biz öz ölkəmizdə zaman-zaman bunun əksini görürük və sual yaranır: biz niyə təbii fəlakət olan yanğın zamanı "günahkar" axtarışında çıxır, özümüzü Kvazimodanı daşqalaq edən kütlə kimi aparırıq?!