Azərbaycanda hüquqi şəxslərin dövlət qeydiyyatı onlayn qaydada həyata keçiriləcək (FOTO)


Digərləri 16 Apr 2019 13:16:00 198 0

Azərbaycanda hüquqi şəxslərin dövlət qeydiyyatı onlayn qaydada həyata keçiriləcək (FOTO)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransı keçirilib.

Bakı. Azərbaycanda hüquqi şəxslərin dövlət qeydiyyatı onlayn qaydada həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib. Ə.Məmmədov yeni onlayn qeydiyyat sistemi barədə KİV nümayəndələrinə məlumat verib. Bildirilib ki, bu islahatlar nəticəsində hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Yeni onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd kimi biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, minumum məmur-sahibkar ünsiyyəti və vətəndaş məmnunluğunun artırılması vurğulanıb. Xüsusilə qeyd olunub ki, yeni qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə “İnternet Vergi İdarəsi”ndə “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan) Təlimatı yerləşdirilib. Bildirilib ki, yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kodla indentifikasiyadan keçirlər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil edilir və bir prosedurla sənədlər təsdiqlənməklə VÖEN (Vergi Ödəyicisinin Eyniləşdimə Nömrəsi) verilmə prosesi yekunlaşır. Həmin prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilməsi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi təmin edilir.