Bakı Limanı vasitəsilə yükaşırmanın həcmi əhəmiyyətli dərəcədə artıb


Digərləri 15 Apr 2019 20:19:00 232 0

Bakı Limanı vasitəsilə yükaşırmanın həcmi əhəmiyyətli dərəcədə artıb

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən Son.az-a verilən məlumata görə, Liman 2019-cu ilin I rübünü uğurla başa vurub. Yükaşırma göstəricilərinin əksəriyyətində artım tendensiyası qeydə alınıb və ümumi yükaşırmanın həcmi 1 035,6 min tondan çox olub. Aşırılmış yüklərin 861 min tondan çoxu və ya 83,1%-i tranzit yüklərin payına düşüb.

Xüsusilə, konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında 2019-cu ilin yanvar-mart ayları ərzində 7 253 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb ki, bu da keçən il ilə müqayisədə 55,2% artım deməkdir ( 2018-ci ilin müvafiq dövründə 4 673 TEU).

Qeyd olunan dövrdə, Ələt qəsəbəsində yerləşən Bakı Limanının Bərə terminalında vaqon aşırılması 13 788 (keçən ilin müvafiq dövrünə nisbətən 12,6% artım) ədədə çatıb. Bunlardan 6 446  vaqon (46,8%) Bakı-Kurik-Bakı istiqamətində, 7 342 (53,2%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.