Fədayə Laçının məhkəməsində tabor komandiri:


Digərləri 15 Apr 2019 19:04:00 237 0

Fədayə Laçının məhkəməsində tabor komandiri:

Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədirliyi ilə keçirilən prosedə Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev çıxış edib.

İttihamları qəbul etmədiyi deyən B.Abdullayev 21 il nazirlikdə xidmət etdiyini söyləyib. B.Abdullayev bildirib ki, F.Laçının "Qoca" ləqəbli Etibar Məmmədovla görüşməsinə icazə verməyib. O qeyd edib ki, E.Məmmədovla heç vaxt yaxşı münasibəti olmayıb: "Etibar 1998-ci ildə "mololetka"da 3 nəfərlə birləşib, bizim əməkdaşımızı öldürüb. Mənim elə bir cinayətkarın kimləsə qanunsuz görüşməsinə, qaçmasına necə şərait yaratmağımı düşünürsünüz? Mənliyimi 21 illik namuslu xidmətimi ləkələmərəm. Mən dövlətimizə, komandirlərimə xəyanət etmərəm. Düzdür, səhlənkarlığım olub, öz əməkdaşlarıma inanmışam. Baş verən hadisəyə görə məni bağışlayın".

Daha sonra söz çıxış üçün dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazır olmadığını deyib. Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il, Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdilər.