Cahangir Hacıyevin məhkəməsində Kredit Komitəsinin üzvü: İstəsəm də, istəməsəm də sənədləri imzalayırdım


Digərləri 15 Apr 2019 13:08:00 185 0

Cahangir Hacıyevin məhkəməsində Kredit Komitəsinin üzvü: İstəsəm də, istəməsəm də sənədləri imzalayırdım

Mənə filial müdiri sənəd göndərirdi ki, onu imzalayım. İstəsəm də, istəməsəm də imzalayırdım.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid Rəşad Hacıyevin məhkəməyə teleqram göndərdiyi elan olunub. Şahid bildirib ki, hazırda ölkədə olmadığı üçün prosesə qatıla bilmir və istintaqa verdiyi ifadəsini təsdiq edir. Hakim bildirib ki, digər şahid Rauf Xəlilov da hazırda Kanadada olsa da, bu barədə məhkəməyə məlumat verməyib. Prosesdə şahid qismində dindirilən Rövşən İsmayılov deyib ki, 1997-ci ildən Beynəlxalq Bankda çalışıb, 2002-2012-ci illərdə bankın İdarə Heyətinin sədr müavini vəzifəsində işləyib: "Veksel əməliyyatı ilə bağlı protokolları bankın sədr və katibləri imzalayıb. Mənim işim isə bankda maliyyə məsələlərinə nəzər yetirib məlumat vermək olub. Həmin əməliyyatlara xəzinədarlıq departamenti nəzarət edirdi. Amma bankda kimin bilavasitə nəzarət etməsini dəqiq bilmirəm. Lahiyələrlə bağlı məsələlər Cahangir Hacıyevə məruzə edilirdi. Bankın Moskva filialında kreditlərin verilməsi ilə bağlı məsələlər idarə heyətində müzakirə olunub". Digər şahid Şahin Rəsulov isə istintaqa verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, Beynəlxalq Bankın Kredit Komitəsinin üzvü olsa da, komitənin iclaslarında iştirak etməyib: "Mənə filial müdiri sənəd göndərirdi ki, onu imzalayım. İstəsəm də, istəməsəm də imzalayırdım. Bankda vəzifəm əməliyyat şöbəsinin müavini idi. Əmək haqqım isə 2500 manat idi". Məhkəmədə elan olunub ki, təqsirləndirilən Erxan Cavadın "Buta kithcin" əməliyyatı zamanı Beynəlxalq Bankdan götürdüyü kredit sənədlərinin birində imzası yoxdur.