Elm və din arasında ziddiyyət yoxdur


Digərləri 14 Apr 2019 11:17:00 268 0

Elm və din arasında ziddiyyət yoxdur

"Dinin düzgün təqdim olunmaması bir cəmiyyəti süquta apara bilər və əksinə, doğru şəkildə tanıdılmış din inkişafa aparıb çıxardar".

"Dinin düzgün təqdim olunmaması bir cəmiyyəti süquta apara bilər və əksinə, doğru şəkildə tanıdılmış din inkişafa aparıb çıxardar".

Son.az tanınmış yazıçı, psixoloq-teoloq Rövşən Abdullaoğlunun musavat.com-a müsahibəsini təqdim edir.

Rövşən Abdullaoğlu Azərbaycanda populyar yazarlardan biridir. Hətta bir neçə il əvvəl əsərləri "ən çox satılanlar" siyahısında idi. Ötən həftənin şənbə günü "Əsarət" kitabının imza günündə də xeyli oxucu yığışmışdı. Onunla söhbətə elə yeni kitabdan başladıq.

- Şənbə günü imza günü keçirdiniz, izlədim, xeyli insan vardı. Nədən bəhs edirdi yeni kitabınız, mövzu nə idi?

- Kitab mağazalarının birində "Əsarət" kitabının imza gününü keçirdik. "Əsarət" kitabı "Tanrı - mif, yoxsa həqiqət" silsiləsindən üç kitabdan birincisidir. Bu silsilənin ümumi hədəfi Yaradanın varlığı mövzusunu araşdırmaqdır. Elə bir insan yoxdur ki, bu mövzu onu maraqlandırmasın. Tanrı var, yoxsa yoxdur? Biz əgər eramızdan əvvəldən bu günə qədər düşüncə tarixinə nəzər salsaq, heç bir mütəfəkkirin bu sualdan yan keçmədiyini görərik.

Bütün filosofların, tarixçilərin, sosioloqların bu mövzuda öz mülahizələri var. Mən də bu mövzuda olan araşdırmalarımı bir kitabda cəmləşdirib oxucuların ixtiyarına vermək istəyirdim, lakin sonra çox geniş olduğunu görüb üç hissədə nəşr etməyin daha münasib olacağını düşündüm.

Cəmi iki həftə öncə çapdan çıxmış "Əsarət" artıq alınıb qurtardı - FOTO Birinci kitab "Əsarət" adlanır, burada fiziki əsarətdən deyil, düşüncənin, azad təfəkkürün əsarətindən söhbət açılır. Psixoloji təsir altında olub, müstəqil düşünmə qabiliyyəti əlindən alınmış kütlələrin manipulyasiyasından danışılır. Bizim yanaşmamıza görə, "Tanrı var, yoxsa yoxdur" sualına cavab verməzdən əvvəl insan öz düşüncəsində olan buxovlardan azad olmalıdır. Yalnız tam müstəqil, şəffaf düşünmə qabiliyyətinə malik olandan sonra bu mövzuya girməlidir. Bir çoxları dünyaya gələndən qocalana qədər ya ailənin, ya təhsil aldığı ocağın, ya da bütünlüklə cəmiyyətin ona geydirmiş olduğu qəliblər daxilində düşünməyə başlayır. Ətrafına bu prizmadan baxdığı üçün bir çox mühüm mövzuları da o "qəliblərlə" təhlil etməyə başlayır. "İdeoloji dəb" deyilən psixoloji təsir amili var. Bəzən ideologiya dəb halına gəlir. Bu zaman insan özü də bilmədən onu öz düşüncəsi olaraq qəbul edir. Sonra da müxtəlif suallara, mövzulara o "eynəklə" baxmağa başlayır. Biz yeni bir yanaşma ortaya qoymağa çalışdıq. "Əsarət" kitabında bütün bu mövzuları ətraflı təhlil elədik. Düşüncə əsarəti nədir, necə yaranır və bundan azad olmaq üçün nə etməliyik?

Psixologiyada belə bir metod var: Hansısa sindromdan azad olmaq üçün ilk növbədə diqqəti bu sindroma yönəltmək lazımdır. İnsan daxili psixoloji düyününə diqqət etdisə, artıq problemin 50 faizini həll etmişdir. Çünki bu zaman problemin həlli asanlaşır. Biz də çalışdıq ki, Tanrının mövcudiyyəti kimi mühüm mövzuya girməzdən əvvəl düşüncələri əsarətdə olan insanların diqqətini o "buxov və zəncirlərə" yönəldək. Əslində əsas məsələ də elə budur. Şəffaf düşüncəli insan daha dəqiq və rasional düşünür.

- Bu gün bu mövzular cəmiyyət üçün nə qədər aktualdır? Niyə bunu soruşdum? İndi belə bir fikir var ki, cəmiyyət onsuz da dinə və eləcə də xurafata sürətlə yuvarlanır.

Kitabdan qazancını şəhid ailələri və kimsəsiz uşaqlara verir - Tanınmış yazıçıdan örnək addım - Bir mövzunun ictimai, həyati aktuallığının əsas göstəricisi cəmiyyətdəki təsir gücüdür. Ateist filosof Bertran Rasselin bir mühazirəsində qeyd edir ki, tanrı mövzusunun aktuallığı bu barədə illərlə danışmağa, müzakirələr aparmağa haqq qazandırır. Rassellə bu məqamda həmfikirəm. Tanrı mövzusunun əhəmiyyətini göstərən daha bir bariz məqam - bu sualın cavabından asılı olaraq insanın dünyagörüşü, əxlaq kodeksi, davranışları və nəticədə də həyatı köklü surətdə dəyişir. Bu etiqad bir cəmiyyətin taleyini dəyişə, bir ölkənin qanunlarına, ailə institutuna təsir edə bilər. Bu, tarixin gəldiyi qənaətdir. Elmə, tərbiyə üsullarına təsir edir. Psixoloqların nəzəriyyələri, konsepsiyaları dəyişir. Filosofun düşüncələri bunun əsasında qurulur. Ədəbiyyatda, hətta tibb sahəsində dəyişikliklər baş verir. Tanrı mövzusu cəmiyyətin ruhuna işləsə, o zaman bütün təbəqələrinə sirayət edəcək.

İkinci göstərici - cəmiyyətdə bu mövzunun nə qədər hallanması, insanlar tərəfindən nə qədər danışılmasıdır. Tanrının varlığı tarix boyu ziyalı, alim, siyasətçi, zadəgan, fəqir, müəllim, şagird, savadlı-savadsız - hamının müzakirə mövzusu olub. Hətta Tanrını qəbul etməyən, bu mövzunu aktual bilməyənlər belə saatlarla bu mövzu ətrafında danışırlar.

- Əvvəl dini mövzularda yazırdınız, sonra isə bir neçə romanınız dərc olundu və rəğbətlə qarşılandı. Amma sonra dəyişdi, Tanrı axtarışı mövzusuna keçdiniz. Bu dəyişiklik sosial sifariş idi, yoxsa sizin daxili ehtiyac?

Ol! - Rövşən Abdullaoğlu yazır - İlk qələmə aldığım kitab "Nəfsi təzkiyənin elmi əsasları" adlanırdı. Bu, irfani, mənəvi mövzuları əhatə edən kitabdır. İnsanın mənəvi təkamülü zamanı qarşısına çıxan maneələrdən bəhs edir. İnsanın ruhunda olan zülmət mənşəli və nurani maneələr, onları aradan qaldırmaq yolları. Ondan sonrakı kitablarda da seçimim teoloji, fəlsəfi və irfani mövzular oldu. İbn Sinanın "İşarat və Tənbihat" kitabının on fəslindən ikisi irfana həsr olunub. O iki fəsli "Ariflərin irfani məqamı və görüntülər" adı ilə şərhlər və izahlar formasında işlədim. Ondan sonrakı mərhələdə fərdi inkişaf mövzularında kitablarımız oldu. Motivasiya janrında, emosiya psixologiyasına həsr olunmuş kitablar qələmə aldım.

Bundan sonra bədii ədəbiyyata müraciət etdim. İlk psixoloji romanım "Bu şəhərdə kimsə yoxdur" adlanır. Daha sonra "Relslər üzərinə uzanmış adam" yazıldı, Srebrenitsa soyqırımından bəhs edən, tarixi motivləri olan bu psixoloji romanda intihar mövzusuna da toxunmuşam. Üçüncü romanım "Abaddon" detektiv janrında yazılmış intellektual, psixoloji romandır. Zahirən bu kitablar fərqli-fərqli mövzulara həsr olunmuş kimi görünsə də, hamısının mərkəzində insan düşüncəsi, təfəkkürü, ətrafa baxışı dayanır. Fərdi inkişaf, psixologiya, motivasiya, ilahiyyat, irfan, fəlsəfə - bunlar hamısı düşüncə ilə əlaqəli mövzulardır. Mənim maraq dairəmin mərkəzində düşüncə mövzusu dayanır. Din ona görə mənim üçün önəmlidir ki, dinin insan həyatında misilsiz praktik təsirini görürəm.

Dinin düzgün təqdim olunmaması bir cəmiyyəti süquta apara bilər və əksinə, doğru şəkildə tanıdılmış din inkişafa aparıb çıxardar. Əgər bir məsələ həyatımızda bu qədər təsirə malikdirsə, təhlükəli və ya uğura səbəb ola bilərsə, mən bu mövzudan yan keçə bilmərəm. Tanrıya, dini həqiqətlərə meyil insan mənəviyyatı, psixologiyası və düşüncəsi ilə birbaşa bağlıdır. Ona görə də cəmiyyətin, insanın fərdi, ictimai həyatının ayrılmaz hissəsidir. Belə bir mövzunu da diqqətdən kənarda qoya bilməzdim.

- Azərbaycanda "oxucu məsələsi", kitab oxuyanların sayının azlığı hər zaman şikayət mövzusu olub. Amma sizdə sanki elə olmadı. Mən xatırlayıram, bir kitabınız "çox satılanlar" siyahısında birinci oldu. Sizcə, bu nə ilə əlaqədar idi? Seçdiyiniz mövzuların, yoxsa dinin burda rolu vardı?

Ədəbiyyatda sofizm - Məncə, mövzularla əlaqəsi yoxdur. Bu mövzular mənə qədər də işlənib. Romanlar, psixoloji ədəbiyyat, fərdi inkişaf mövzuları, detektiv janrı - yerli və ya gəlmə olsun - həmişə olub. Mən çalışmışam ki, hamının müraciət etdiyi mövzuya bir qədər fərqli mövqedən, daha yaradıcı və deyərdim, daha dərin yanaşım, məsələlərin mahiyyətini, alt qatlarını göstərim, eyni zamanda o mövzuları insanların anlayacağı, ruhlarını oxşayacaq formada təqdim edim. O mövzularla əlaqəli bir çoxunun toxunmadığı aktual məsələləri qabartdım.

- Yeri gəlmişkən, oxuculardan məktub alırsınız? Nə yazırlar sizə?

- Çox məktublar alıram. Bu sadaladıqlarımı məktub vasitəsilə bölüşürlər. Kitablarım barədə təəssüratlarını paylaşırlar, həyatlarında qoyduğu təsirdən danışır, kitabda qaranlıq qalmış məqamlar barədə sual verirlər, psixoloji konsultasiya üçün müraciət etmək istəyirlər, bəzən öz həyatlarından yazırlar... Daha çox əsər barədə xoş sözlər yazıb, təşəkkür edirlər. Bəzən məndən əsərlərim haqqında soruşanda deyirəm ki, oxuculardan soruşun, onlar daha yaxşı şərh edərlər. Bəzən də oxucular məktublarında kitablarımda olan fərqli özəllikləri qeyd edirlər.